BeFunky collage 8

89 yaşlı Norveç kralı V Harald vəfat edib. O, 1991-ci ildə atası V Olafın vəfatından sonra taxta çıxıb, artıq 35 ildir ölkəyə rəhbərlik edirdi.

Haraldın varisi 53 yaşlı vəliəhd şahzadə Hokondur. Məlumata görə, vəliəhd artıq taxta çıxıb, kral sarayında bayraqlar ucaldılıb.

Globalinfo.az-a danışan Norveçdə yaşayan azərbaycanlı politoloq Naim Süleymanov deyib ki, kralın dəyişməsi Norveç hökumətinin daxili və xarici siyasətinin dəyişməsi demək deyil:

“Norveç konstitusiyalı monarxiyadır. Xarici siyasəti, Azərbaycanla münasibətləri, NATO siyasətini, neft-qaz, iqlim və insan hüquqları siyasətini faktiki olaraq hökumət və Stortinget (milli məclis) müəyyən edir. Kralın siyasi rolu əsasən konstitusion və təmsilçilik xarakterlidir.

VIII Hokonun hakimiyyətə gəlməsindən sonra Norveçin, məsələn, NATO, Ukrayna, Avropa təhlükəsizliyi və beynəlxalq hüquq məsələlərində kəskin istiqamət dəyişməsi gözlənilmir. Norveç hökumətinin 2026-cı il xarici siyasət xəttində beynəlxalq hüquq, BMT sistemi, transatlantik əməkdaşlıq və Avropa təhlükəsizliyi əsas prioritetlər olaraq qalır.

Dəyişiklik daha çox monarxiyanın üslubunda hiss oluna bilər. Hokon atasından təxminən 36 yaş daha gəncdir və yeni nəsil monarx kimi kral ailəsinin ictimai imicini yeniləməyə çalışa bilər. Bununla belə, onun qarşısında kral ailəsi ətrafında son dövrdə yaranmış mübahisələr fonunda monarxiyaya ictimai etimadı qorumaq kimi ciddi vəzifə də var.

Mən burada mənfi təsir gözləmirəm. Əksinə, simvolik səviyyədə müəyyən müsbət imkan yarana bilər”.

WhatsApp Image 2026 08 28 at 12.58.03
Naim Süleymanov

Politoloq bildirib ki, Azərbaycan və Norveç arasında diplomatik münasibətlər 1992-ci ildən mövcuddur:

“Əlaqələr xüsusilə enerji sahəsindən başlayıb və sonradan siyasi, iqtisadi və humanitar istiqamətlərə genişlənib. Hazırda Norveçin Azərbaycandakı diplomatik fəaliyyərini Ankaradakı səfirliyi həyata keçirir.

Üstəlik, 30 yanvar 2026-cı ildə Prezident İlham Əliyev Norveçin yeni səfiri Andreas Gaarder-i qəbul edib. Görüşdə Əliyev Azərbaycan–Norveç əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və enerji sektorundan başlayan əməkdaşlığın digər sahələrə genişləndirilməsi üçün imkanların olduğunu bildirib.

Hokon daha müasir və aktiv monarxiya kursunu izləyəcək, amma Norveçin siyasi kursunda davamlılıq və əvvəlki mövqe qorunacaq. Azərbaycanla münasibətlərdə isə enerji, yaşıl enerji, biznes, iqlim və diplomatik əlaqələrin genişləndirilməsi üçün potensial var”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: