Avropa Oyunları: Azərbaycan taekvondoçusu finalda, daha iki medal şansı – YENİLƏNİB

Azərbaycanın qadın taekvondoçusu Minayə Əkbərova və kişilərdən ibarət yığmanın üzvü Qaşım Maqomedov Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal görüşünə vəsiqə qazanıblar.

“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 46 kq-da çıxış edən M.Əkbərova təsəlliverici qarşılaşmada Dina Puryunesə 2:0 (4:3, 6:4) hesabı ilə qalib gəlib.

O, üçüncü yer uğrunda görüşdə kiprli Kiriaki Kuttuki ilə münasibətlərinə aydınlıq gətirəcək.

58 kq-da çıxış edən Qaşım Maqomedov isə təsəlliverici görüşdə israilli Dmitir Naqayevi üstələyib – 2:0 (13:5, 19:6).

Onun medal qarşılaşmasındakı rəqibi italiyalı Matias Lomartire olacaq.

***

Azərbaycan taekvondoçusu Səyyad Dadaşov Polşada təşkil olunan III Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.

Globalinfo.az xəbər verir ki, 54 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda isveçli İbrahim Marvanla qarşılaşıb.

Rəqibinə 2:0 (8:2, 7:3) hesabı ilə qalib gələn Dadaşov adını həlledici qarşılaşmaya yazdırıb. Onun finaldakı rəqibi Uqo Arilya Vaskes (İspaniya) – Andrea Konti (İtaliya) cütünün qalibi olacaq.