Bir nəfərin ölümü, digərinin isə ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə ittiham olunan tiktoker İlduzə Hacıyevanın (“Arzum”) cinayət işi üzrə çıxarılan məhkəmə hökmü geniş müzakirələrə səbəb olub.
İctimaiyyətin bir hissəsi hökmü ədalətsiz hesab edir və qəzanın əsas səbəbkarı kimi sürət həddini aşan digər sürücünü göstərir. Bəs mütəxəssislər bu məsələni necə qiymətləndirirlər?
Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov İlduzə Hacıyevaya çıxarılan hökmü ədalətsiz hesab etdiyini bildirib.
Onun sözlərinə görə, hadisə ilə bağlı iki fərqli hüquqi yanaşma mövcuddur:
“Bir mövqeyə görə, İlduzə Hacıyeva arxadan gələn avtomobili nəzərə almalı və sola dönüş etməməli idi. Digər mövqeyə görə isə, yol hərəkəti qaydalarına əsasən, sola dönən nəqliyyat vasitəsini soldan ötmək qadağandır və arxadan gələn sürücü onu yalnız sağ tərəfdən keçməli idi. Əgər ikinci mövqe doğrudursa, deməli, “Arzum”un qəzanın baş verməsində təqsiri yoxdur”.
Hüquqşünas bildirib ki, bu halda hadisə yerini tərk etmə məsələsinə də fərqli hüquqi qiymət verilməlidir:
“Çünki hadisə yerindən qaçmaq anlayışı ilk növbədə qanun pozuntusuna yol vermiş şəxslə əlaqələndirilir. Əgər sürücünün qəzanın baş verməsində təqsiri yoxdursa, bu məsələ ayrıca hüquqi qiymətləndirilməlidir. Hətta fərz etsək ki, onun müəyyən dərəcədə təqsiri var, yenə də nəzərə almaq lazımdır ki, hadisənin baş verməsində digər sürücünün də ciddi qayda pozuntularına yol verdiyi iddia olunur. Belə olan halda, beş il iki ay azadlıqdan məhrumetmə cəzası kifayət qədər ağır görünür”.
Ə.Həsənov müqayisə üçün 2017-ci ildə sabiq baş nazir müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsini xatırladıb:
sabiq baş nazir müavini Əli Həsənov
“Həmin hadisədə yüksək sürətlə idarə olunan avtomobil bir neçə nəqliyyat vasitəsinə çırpılmış, nəticədə iki nəfər həlak olmuş, iki nəfər isə ağır xəsarət almışdı. Buna baxmayaraq, nazirin nəvəsinə 5 il azadlıqdan məhrumetmə cəzası verildi, ardınca isə cəzasının bir hissəsini çəkdikdən sonra azadlığa buraxıldı. Bu iki hadisəni müqayisə etdikdə cəzaların proporsionallığı ilə bağlı suallar yaranır. Bir işdə nəticələr daha ağır olduğu halda yüngül cəza tətbiq edilir, digər işdə isə daha mübahisəli hüquqi vəziyyətə görə eyni, hətta praktik baxımdan daha sərt nəticə ortaya çıxır”.
Hüquqşünasın sözlərinə görə, müzakirə olunan digər məsələ barışıq institutudur:
“Barışıq qanunvericilikdə cəzanı yüngülləşdirən hallardan biri kimi nəzərdə tutula bilər. Lakin bu institutun tətbiqi şəxsin maddi imkanlarından asılı olduğu təəssüratı yaratmamalıdır. Ədalət prinsipi tələb edir ki, məhkəmə ilk növbədə törədilmiş əməlin ağırlığını, təqsirin dərəcəsini və işin bütün hallarını qiymətləndirsin. Maddi imkanların cəzanın faktiki nəticəsinə həlledici təsir göstərməsi barədə təsəvvür cəmiyyətdə hüquqa inamı zəiflədə bilər. Mənim fikrimcə, ədalətin əsas prinsipi oxşar hallara oxşar hüquqi yanaşmanın tətbiq edilməsidir. Əgər daha ağır nəticələrə səbəb olmuş bir işdə daha yüngül hüquqi nəticə yaranıbsa, digər işdə isə daha mübahisəli vəziyyətə görə daha sərt cəza verilibsə, bu, cəmiyyətdə ədalət mühakiməsinin bərabərliyi ilə bağlı suallar doğurur. Məhz buna görə də hesab edirəm ki, bu iş üzrə çıxarılan hökm kifayət qədər mübahisəlidir və cəzanın ağırlığı ilə bağlı ciddi hüquqi və ictimai müzakirələr aparılması üçün əsaslar mövcuddur”.
Yol hərəkəti təhlükəsizliyi üzrə mütəxəssis Arzu Kürsüm Babazadə isə hesab edir ki, qəzada hər iki tərəfin müəyyən məsuliyyəti olsa da, əsas məsuliyyət sürət həddini aşan sürücünün üzərinə düşür:
“Çünki həyatını itirən şəxs həm yol hərəkəti qaydalarını pozub, həm də bunu açıq şəkildə nəzərə almayıb. Yol hərəkəti qaydalarına əsasən, sola dönən nəqliyyat vasitəsini soldan ötmək qadağandır. Belə hallarda yalnız sağ tərəfdən keçmək mümkündür. Həmin sürücü həm müəyyən olunmuş sürət həddini aşıb, həm də sola dönməkdə olan avtomobili qaydalara zidd olaraq soldan ötməyə cəhd edib. Məhz bu qanun pozuntuları qəzanın baş verməsində əsas rol oynayıb”.
Əkrəm Həsənov
Bununla yanaşı, ekspert İlduzə Hacıyevanın da tamamilə məsuliyyətdən kənarda qalmadığını bildirib:
“Çünki “Yol hərəkəti haqqında” qanunda göstərilir ki, hər bir sürücü yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün mümkün olan bütün tədbirləri görməlidir. Əgər onun diqqəti mobil telefonda deyil, yolda olsaydı və vəziyyəti vaxtında qiymətləndirə bilsəydi, qəzanın qarşısını almaq və ya heç olmasa nəticələrini yüngülləşdirmək mümkün ola bilərdi. Sürətin aşağı olması sürücüyə ətraf mühiti daha diqqətlə izləmək və təhlükəyə operativ reaksiya vermək imkanı yaradır. Bu baxımdan, hər iki sürücü yol hərəkəti qaydalarından irəli gələn öhdəliklərini tam şəkildə yerinə yetirməyib. Bir daha vurğulamaq lazımdır ki, sürət həddinə riayət etmək və yolu daim diqqətlə müşahidə etmək qəzaların qarşısının alınmasında əsas amillərdəndir. Qanunun tələb etdiyi kimi, sürücü təhlükə yarandığı anda qəzanın qarşısını almaq üçün mümkün olan bütün tədbirləri görməlidir”.
Ekspert əlavə edib ki, hadisədən sonrakı davranış da hüquqi baxımdan xüsusi əhəmiyyət daşıyır:
“Əgər yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət və ya ölüm baş veribsə, sürücü dərhal müvafiq icra hakimiyyəti orqanlarına, yəni Təcili Tibbi Yardım və polisə məlumat verməli, polis əməkdaşları hadisə yerinə gələnədək isə ərazini tərk etməməlidir. Əks halda, hadisə yerini tərk etmiş şəxs kimi əlavə hüquqi məsuliyyət daşıya bilər”.
Zaira Akifqızı
Globalinfo.az