İran Vaşinqtonun eskalasiyanı artıracağı təqdirdə ABŞ-ın Avropadakı hərbi hədəflərinə zərbələr endirməyi planlaşdırır. “Financial Times”ın iddiasına görə, sözügedən siyahıda Bolqarıstan və Kipr də var. Belə ki, ötən ay Bolqarıstan “Bezmer” aviabazasının ABŞ-ın yanacaqdoldurma təyyarələri tərəfindən istifadəsinə razılıq verib.
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, istər Mərkəzi və Qərbi Avropa ölkələrində, istərsə də Şərqi Avropada, o cümlədən Bolqarıstanda ABŞ-ın hərbi bazaları fəaliyyət göstərir:
“Həmçinin nəzərə almaq lazımdır ki, bir çox Avropa ölkəsi NATO üzvüdür və onların təhlükəsizliyinin təmin olunmasında alyansın kifayət qədər ciddi rolu var. Bu səbəbdən həmin ölkələrin bir qismində NATO-nun hərbi bazaları da mövcuddur.
İran Körfəz ölkələrində ABŞ bazalarına zərbələr endirməklə artıq öz mövqeyini göstərib. Lakin Avropa ölkələrində ABŞ bazalarının hədəfə alınması qitə dövlətlərinə bir mesaj ola bilər: “ABŞ-a dəstək verməyin. Əks halda, Körfəzdə baş verən hadisələrin analoqunu Avropa ölkələrində də təkrarlaya bilərik”.
Ancaq burada başqa bir məsələ də var. Körfəz ölkələrində hərbi infrastruktur ciddi şəkildə dəyişib və həmin ölkələrin hərbi potensialı Avropa dövlətləri ilə müqayisədə o qədər də böyük deyil. Avropa ölkələrinin isə kifayət qədər ciddi hərbi potensialı var. İrandan onlara qarşı hər hansı həmlənin genişmiqyaslı qarşıdurmaya çevrilməsi mümkündür.
Eyni zamanda, nəzərə almaq lazımdır ki, Avropa ölkələri ilə İran arasındakı məsafə çoxdur. Bu səbəbdən konkret və dəqiq hədəflərin müəyyənləşdirilməsi İran üçün çətin ola bilər”.
Politoloq qeyd edib ki, Avropa ölkələrinə qarşı belə hücumlar NATO-da daha böyük Anti-İran koalisiyanın formalaşmasına səbəb ola bilər:
“Gələcəkdə Avropa ölkələrindəki ayrı-ayrı hədəflərdən istifadə etməklə onlara qarşı müəyyən addımların atılması mümkündür. Lakin bunun İran üçün real və effektiv nəticə verəcəyi şübhəlidir.
İranın bu cür təhdidlərlə çıxış etməsində əsas məqsədlərindən biri öz uzaq mənzilli raket proqramını tamamlamaq və raket imkanlarından istifadə etməklə Avropadakı ABŞ və NATO bazalarını hədəfə almaq potensialını nümayiş etdirmək ola bilər”.
Safura Bənnayeva
Globalinfo.az