moskva ehali

2026-cı il sentyabrın 1-dən etibarən Rusiyanın Moskva şəhərinə və Moskva vilayətinə vizasız gələn əcnəbi vətəndaşlardan “Amina” mobil tətbiqini quraşdırmaq tələb olunacaq.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Amina” tətbiqi miqrantların Rusiyaya girişinin və ölkə daxilində hərəkətlərinin rəqəmsal nəzarətdə saxlanılması məqsədilə yaradılıb. Əcnəbilər tətbiq vasitəsilə yaşadıqları ünvan və həmin ünvanda dəyişiklik barədə daxili işlər orqanlarına məlumat verməlidirlər.

Tətbiqin quraşdırılması 2025-ci ilin sentyabrından Moskvaya və Moskva vilayətinə iş məqsədilə gələn əcnəbilər üçün məcburi edilib.

“Miqrasiya Mərkəzi”nin baş direktoru Anton İqnatov daha əvvəl bildirmişdi ki, 2026-cı ilin sentyabrından iş məqsədi daşımayan səbəblərlə Rusiyaya gələn və ölkədə 90 gündən artıq qalacaq əcnəbilər üçün də “Amina” tətbiqinin quraşdırılması tələb olunacaq.

Rusiya DİN-in məlumatına görə, yeni qayda əsasən Moskva və Moskva vilayətində təhsil alan tələbələrə, eləcə də əmək miqrantlarının ailə üzvlərinə şamil ediləcək.

Siyahıda Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan və Ukrayna vətəndaşları da yer alır.

Bu isə Rusiyaya gedən və 90 gündən artıq qalmağı planlaşdıran azərbaycanlı tələbə və miqrant ailə üzvlərinin də “Amina” sistemindən istifadə etməli olacağı anlamına gəlir.

Tələbə, ailə üzvü və digər kateqoriyalara aid şəxslərin tətbiq vasitəsilə yaşayış ünvanları və geolokasiya məlumatlarının təqdim edilməsi nəzərdə tutulur.

Tələb Belarus vətəndaşlarına, yetkinlik yaşına çatmayanlara, diplomatlara və onların ailə üzvlərinə, həmçinin beynəlxalq təşkilatların əməkdaşlarına şamil edilməyəcək.

Rusiya DİN-in məlumatına görə, 2025-ci ilin dekabrında Moskvada 139 mindən çox miqrant “Amina” tətbiqi vasitəsilə ötürülməli olan geolokasiya məlumatlarının olmaması səbəbindən miqrasiya qeydiyyatından çıxarılıb.

Paylaş: