formula 12

Bakıda “Formula-1” yarışlarına hazırlıq başlayıb. Metropolitendəki son dəyişikliklər fonunda yarışın paytaxtda əlavə nəqliyyat sıxlığı yaradacağı gözlənilir. Bildirilir ki, yolların bağlanması sıxlığı daha da artıra bilər. Xatırladaq ki, bir nüddət əvvəl iş adamı Emin Ağalarov demişdi ki, “Formula-1” yarışları paytaxtdan kənarda – “Sea Breeze” ərazisində keçirilə bilər. Bunun üçün müəyyən zaman lazım ola bilər, amma təklif kifayət qədər cəlbedicidir.

Globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, “Formula-1” yarışlarından əvvəl, yarışlar zamanı və hətta yarışlardan bir neçə gün sonra Bakının əsas prospektlərinin bağlanması nəqliyyatın hərəkət zəncirinin pozulmasına səbəb olur:

“Bu zəncir pozulduqda digər prospektlərdə və girişin məhdudlaşdırılmadığı yollarda da təbii olaraq tıxaclar yaranır. Avqustun 15-dən metropolitendə dəyişikliklər baş verib və sərnişin daşımalarının bir hissəsi yalnız ekspress avtobuslarla təmin olunur. Bunun üzərinə “Formula-1” yarışları ilə əlaqədar yolların bağlanması Bakının nəqliyyat infrastrukturuna əlavə yük gətirəcək, tıxacları artıracaq və insanların rahatlığını pozacaq. Bu da özünü narazılıqlarla göstərəcək”.

İ.Hüseynlinin fikrincə, “Formula-1” yarışlarının Azərbaycanda keçirilməsinin nə qədər davam edəcəyi məsələsinə də aydınlıq gətirilməlidir:

“Bu, illərlə Bakı sakinlərinin nəqliyyat baxımından əziyyət çəkməsi ilə nəticələnməməlidir. Əgər Emin Ağalarovun “Formula-1” yarışlarının Bakıdan kənarda, “Sea Breeze” ərazisində keçirilməsi ilə bağlı belə bir təşəbbüsü varsa, mən bunu çox yaxşı və məqsədəuyğun təklif hesab edirəm və dəstəkləyirəm”.

ilqar 1

İlqar Hüseynli

Ekspert bildirib ki, Bakının nəqliyyat sistemini bir həftə, on gün müddətinə iflic vəziyyətinə salmaqdansa, “Formula-1”ə marağı olan insanların yarışları şəhərdən kənarda izləməsi daha məqsədəuyğun ola bilər:

“Eyni zamanda, bu, “Sea Breeze” üçün yeni turizm imkanlarının yaranmasına və ərazinin inkişafına stimul verə bilər. Hazırda bunun nə vaxt reallaşacağı və “Sea Breeze”də bu istiqamətdə hər hansı hazırlığın aparılıb-aparılmadığı barədə konkret məlumat deyə bilmərəm. Açığı, mən də bu istiqamətdə gedən proseslərlə ətraflı tanış deyiləm. Amma bu, kifayət qədər maraqlı məsələdir.

Bir ekspert kimi istərdim ki, “Sea Breeze” ərazisinə gedib məsələni yerində araşdırım, orada “Formula-1” üçün infrastrukturun qurulub-qurulmadığını, yaradılan imkanların yarışların keçirilməsi üçün yetərli olub-olmadığını və “Sea Breeze”in belə bir layihəyə neçə il müddətinə ev sahibliyi etməkdə maraqlı olduğunu öyrənim. Bütün bunlar araşdırma tələb edir”.

İ.Hüseynli qeyd edib ki, əraziyə gedərək mövcud vəziyyəti görmək və məsul şəxslərlə müzakirələr aparmaq lazımdır:

“Ona görə də hazırda Emin Ağalarovun təklifinin nə qədər müddətə hesablandığını, “Sea Breeze”də bu istiqamətdə konkret hazırlıqların aparılıb-aparılmadığını və layihənin həqiqətən orada reallaşıb-reallaşmayacağını dəqiq deyə bilmərəm. Amma görünən odur ki, “Formula-1” yarışlarının Bakı şəhərindən, əhalinin sıx yaşamadığı, şəhərin nəqliyyatına və ümumilikdə infrastrukturuna ciddi təsir göstərməyən başqa bir əraziyə keçirilməsi artıq vacib məsələyə çevrilib. Bu baxımdan, təklif həm ağlabatan, həm də müzakirəyə açıq maraqlı təşəbbüsdür”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: