ABŞ-ın energetika nazirinin müavini Kayl Haustvayt deyib ki, Venesuela neftinin təxminən yarısı ABŞ-a ixrac olunur. Əslində, Vaşinqtonun Venesuela siyasətinin kökündə neft amilinin dayandığı sirr deyil. Ümumiyyətlə, Birləşmiş Ştatların karbohidrogen ehtiyatları baxımından zəngin ölkələrə yönəlmiş siyasətinin arxasında neft-qaza, eləcə də digər qiymətli təbii sərvətlərə nəzarət uğrunda mübarizənin dayandığı barədə fikirlər uzun illərdir səsləndirilir.
2003-cü ilin martında İraqın işğalı bunun ən bariz nümunələrindən biri kimi göstərilir. Eləcə də son 15 ildə Yaxın Şərqin müxtəlif ölkələrində baş verən hakimiyyət dəyişiklikləri və inqilablar ABŞ-ın neft yataqlarına nəzarət uğrunda apardığı mübarizə kimi təqdim edilir. Hər nə qədər “yaşıl enerji” və “alternativ enerji” təbliğatı aparılsa və bu PR-ın arxasında ABŞ kimi supergüc dayansa da, fakt ortadadır: Amerika dünyanın neft ehtiyatlarının böyük hissəsini nəzarətdə saxlamağa çalışır. Bu sahədə də ABŞ-ın Çin və Rusiya ilə rəqabət apardığı bildirilir.
Hazırda dünya üzrə neft ehtiyatlarının neçə faizi ABŞ-ın birbaşa və ya dolayı yolla nəzarətindədir?
Globalinfo.az-a danışan Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib ki, dünyada yaşıl və alternativ enerji məsələləri nə qədər aktual müzakirə olunsa da, faydalı qazıntılar, o cümlədən neft və qaz hələ uzun illər dünya iqtisadiyyatında həlledici əhəmiyyətini qoruyacaq:
“Neft təkcə daxiliyanma mühərriklərində istifadə olunan yanacaq deyil. Ondan yüzlərlə müxtəlif adda məhsul alınır. Bu gün ətrafımızda gördüyümüz bir çox əşyanın, o cümlədən əlimizdəki telefonun, kompüterin və avtomobilin istehsalında neftdən hazırlanan detallar və materiallardan istifadə olunur. Buna görə də neftin hegemonluğu hələ uzun müddət davam edəcək.
Hətta daxiliyanma mühərriklərində neftdən istifadənin həcmi azalsa belə, yaxın 10 il ərzində tələbatın ciddi şəkildə azalması gözlənilmir. Buna görə də ABŞ-ın strategiyalarından birinin neftlə zəngin bölgələrə nəzarət etmək olduğu qənaətindəyəm.

Natiq Cəfərli
ABŞ bu gün dünyada ən çox neft hasil edən ölkədir. Son illərdə apardığı siyasət nəticəsində gündəlik neft hasilatı 14,7-14,8 milyon barelə çatıb. Bu da onu dünya liderinə çevirir. Bundan başqa, ehtiyatlar baxımından da ABŞ dünyanın aparıcı ölkələrindən biridir. Hətta təsdiqlənmiş ehtiyatlarla yanaşı, kəşfiyyatı aparılan yeni rezerv yataqları da var. Əgər bunlar təsdiqlənərsə, ABŞ neft ehtiyatlarına görə dünyanın ilk beşliyində yer ala bilər.
ABŞ eyni zamanda Kanada neftinə də nəzarət edir. Belə ki, Kanadada nefti emal edən zavodların sayı azdır və buna görə də ölkə hasil etdiyi neftin əhəmiyyətli hissəsini ABŞ-a satır. ABŞ artıq Venesuela məsələsində də ciddi təsir imkanlarına malikdir. Körfəz ölkələri isə ümumiyyətlə Vaşinqtonun təsir dairəsindədir.
Bütün bunları nəzərə aldıqda deyə bilərik ki, ABŞ dünya neftinin təxminən üçdə birinə nəzarət edir. Bu, çox ciddi statistikadır. ABŞ beləcə dünya neft bazarında həlledici oyunçuya çevrilir”.
Turan Rzayev
Globalinfo.az