Son günlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fəaliyyəti ilə bağlı narazılıqlar diqqət çəkir.
Globalinfo.az xəbər verir ki, Agentliyin bazarlarda aşkar etdiyi nöqsanları ictimailəşdirsə də, iri market şəbəkələrində mövcud olan oxşar problemlərə münasibətdə passiv mövqe sərgilədiyi iddia olunur.
Belə ki, AQTA tərəfindən yayımlanan görüntülərdə əsasən heyvan mənşəli məhsulların, xüsusilə süd məhsullarının bazarlarda soyuducu şəraitində saxlanılmaması vurğulanır və bunun insan sağlamlığı üçün ciddi risklər, o cümlədən zəhərlənmələr yaratdığı bildirilir. Digər tərəfdən, eyni vəziyyət marketlərdə də olsa, bu hallara diqqət yetirilmədiyi nəzərə çarpır.
Müşahidələr göstərir ki, bir çox marketdə, hətta iri satış şəbəkələrində belə süd və süd məhsulları soyuduculardan kənar, uyğun olmayan şəraitdə satışa çıxarılır. Bu məhsulların +20-25 dərəcə temperaturda uzun müddət saxlanılması isə ciddi suallar doğurur.
Xüsusilə diqqətçəkən məqam odur ki, kənd və rayon yerlərində ev şəraitində bir günə xarab olan süd məhsulları marketlərdə aylarla saxlanılır və istehlakçılara, o cümlədən körpə uşaqlara təqdim olunur. Mütəxəssislərin fikrincə, bu vəziyyət məhsulların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar yaradır.
İctimaiyyət arasında sual doğuran əsas məsələ isə AQTA-nın süd məhsullarının soyuducudan kənar şəraitdə satışına və bu məhsulların uzun müddət xarab olmadan dövriyyədə qalmasına hansı səviyyədə nəzarət etməsidir.
Məsələ ilə bağlı AQTA-nın mövqeyini dərc etməyə hazırıq.
Sözügedən vəziyyəti isə fotolarla təqdim edirik:

