Akif Çovdarovla birgə tutulan MTN zabitinin şikayəti təmin edilmədi

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovla birgə həbs edilən keçmiş şöbə rəisinin müavini Orxan Osmanovun kassasiya şikayətinə baxılıb.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, Ali Məhkəmədə İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, Orxan Osmanovun kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədov, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyev, şöbə rəisinin müavini olmuş kapitan Orxan Osmanov 2015-ci ildə həbs olunublar.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12, Səlim Məmmədov 11, Akif Əliyev 5, Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum olunub.

Daha sonra Akif Çovdarov və Səlim Məmmədovun Əfv sərəncamları ilə azadlığa çıxıb. Akif Əliyev və Orxan Osmanovun isə cəza müddətləri başa çatdığından azadlığa buraxılıblar.