Ağstafada Qafqazın ilk ibadətgah yeri tapılıb- FOTO

Ağstafa rayonundakı “Tava təpə” abidəsində Azərbaycan-İtaliya Beynəlxalq arxeoloji ekspedisiyası tədqiqat işləri aparır. 3 ildir aparılan arxeoloji tədqiqatlar artıq öz nəticəsini verib. Araşdırmalar zamanı məlum olub ki, son tunc, ilk dəmir dövrünə aid abidədəki ibtidai ritual tikili qalığı olan ibadətgah öz unikallığına görə tək ölkəmizdə deyil, bütövlükdə Qafqazda ilk tapıntı hesab olunur.

Globalinfo.az “AZƏRTAC” xəbər verir ki, “Tava təpə” abidəsi Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində, Kür çayından 1,5 km aralıda yerləşir. Son tunc, ilk dəmir dövrünə aid abidə Xocalı-Gədəbəy mədəniyyətinə məxsus tayfaların məskunlaşdığı ərazi olub.

3500 illik yaşı olan “Tava təpə” abidəsində aparılan qazıntı işlərinin nəticəsində məlum olub ki, bura Qafqazda hələlik ilk aşkar edilən ibadətgah yeridir. Eyni zamanda abidə unikal coğrafi yerləşmə mövqeyinə görə də diqqəti cəlb edir. Strateji əhəmiyyətli abidənin Kür çayına yaxın olması bura insanların daha çox gəliş-gedişi üçün səbəblərdən biri olub.

İtaliyadan gələn arxeoloji ekspedisiyanın rəhbəri Nikola Laneri deyir ki, abidə onları unikallığı ilə təəccübləndirib. 3 illik birgə qazıntıların bəhrəsini görməyə başlayan arxeoloqlar builki qazıntılar zamanı maraqlı tapıntı aşkar ediblər. “Buradan unikallığı ilə seçilən tikili tapdıq. Bu hissə həmin dövrün yeməkxanası kimi fəaliyyət göstərib. Lakin ritual xarakterlidir. İnsanlar 3500 il əvvəl bura gəlib, yemək yeyiblər. Bura bir növ yeməkxana kimi fəaliyyət göstərib. Amma bütün Qafqaza xidmət edib. Müxtəlif yerlərdən bura gələn insanlar qidalanıb, daha sonra da ritual həyata keçiriblər. Buradan heyvan sümüklərini də tapdıq. Biz C-14, C-15 analizləri etdik. Hazırda antropatoloqlar və digər mütəxəssislərlə birgə araşdırma aparırıq”- deyə, Kataniya Universitetinin professoru, italiyalı arxeoloqların rəhbəri Nikola Laneri bildirib.

Tədqiqatlarda iştirak edən beynəlxalq arxeoloji ekspedisiyanın tərkibində İtaliyanın Kataniya Universitetindən başqa Florensiya şəhərində yerləşən elmi-tədqiqat mərkəzindən də mütəxəssislər də fəaliyyət göstərir.

Qazıntılar zamanı “Tava təpə”dən ərzaq və çörək istehsalı mərkəzi, quyular, böyük ərzaq ehtiyatlarının saxlanması üçün yerlər, ocaq qurğuları, yüksək temperaturda bişmiş gil və torpaq hissələri, dən üyütmək üçün alətlər, çörəyin üzərinə xüsusi naxışlar vurmaq üçün gil möhürlər aşkar edilib. “Builki tədqiqatlarda aşkar olunan ən vacib nümunələrindən və ərazilərindən biri aşkar olunmuş ibtidai ritual tikili qalığıdır. Yəni, dini ibadətgahdır. Bu öz unikallığına görə Qafqazda hələ ki bu tipdə abidə aşkar olunmayıb. Tapıntı son tunc, ilk dəmir dövrünə aiddir. Yalnız biz bütün abidəni yox, bu dini ritual sahənin yaşayış yerindən bütöv halda yüzlərlə saxsı qab tapılıb. Bu, yaşayış yeri üçün xarakterik deyil. Nadir hallarda saxsı qab bütöv olur. Belə qənaətə gəlirik ki, saxsı qabları bura ritual üçün gətirib, onu bütöv halda burada qoyub gediblər. O baxımdan yalnız bu hissədə yüzlərlə saxsı qab tapılıb. Ümumilikdə tapıntıların sayı mindən çoxdur”- deyə, Azərbaycan-İtaliya Beynəlxalq arxeoloji ekspedisiyanın rəhbəri Bəxtiyar Cəlilov vurğulayıb.

Tədqiqat zamanı ərazidə aşkar olunan saxsı qabların bərpası və restavrasiyası, onların qrafik təsviri həyata keçirilir. Analiz üçün çoxsaylı nümunələr götürülərək İtaliyanın qabaqcıl laboratoriyalarına göndərilib. Həmçinin ağac qalıqları və torpağın polinoloji analizləri aparılır. Əldə edilən nəticələr məqalə şəklində dərc olunacaq.