Ağcabədidə iki əmioğlunun ölümü ilə nəticələnən hadisə cəmiyyətdə ciddi narahatlıq yaradıb. Sosial şəbəkələrdə müzakirələr əsasən ciyəraxşamı və qumar məclisi üzərində qurulsa da, məsələ bununla bitmir. Bu cür qəddar hadisələrin arxasında daha dərin sosial və psixoloji səbəblərin olması gündəmə gəlir.
Bu cür ağır qətl hadisəsində yalnız ciyəraxşamı, qumar amili rol oynayıb? Cəmiyyətin bu qədər aqressivləşməsində, qəddarlaşmasında nələrin rolu var?
Globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, hadisəni yalnız ciyəraxşamı, toy və ya digər məclislərlə əlaqələndirmək düzgün yanaşma deyil:
“Belə yanaşma məsələyə həddən artıq sadələşdirilmiş və bəsit baxış formalaşdırır. Əslində, burada bir neçə kompleks sosial və psixoloji amil rol oynayır. İlk növbədə, şəxsi münasibətlər zəminində yaranan mübahisələrdə təhqir amili mühüm rol oynayır. Digər tərəfdən, qarşı tərəfin yaşca böyük olması və gəncə qarşı aqressiv münasibət göstərilməsi onda sosial-psixoloji təzyiq və qisasçılıq hissi formalaşdırmış ola bilər. Bundan əlavə, iqtisadi amillər, yəni işsizlik, maddi çətinliklər və sosial bərabərsizliyin də belə hallara təsir etməsi mümkündür. Psixoloji vəziyyət, alkoqol və ya digər maddələrin təsiri, eləcə də affekt halı da hadisənin baş verməsində rol oynamış ola bilər. Təhsil səviyyəsi və ailə tərbiyəsi kimi faktorlar da burada mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, sosial mühitin təsiri, mediada və sosial şəbəkələrdə aqressiyanın təşviqi, zorakı davranışların normallaşdırılması da gənclərin davranışına təsirsiz qalmır. Ayrı-ayrı hallarda isə psixi sağlamlıq problemləri, o cümlədən ciddi pozuntular belə faciəvi nəticələrə gətirib çıxarır”.
İlqar Hüseynli
Ekspert bildirib ki, oxşar zorakılıq hadisələrinin müxtəlif ölkələrdə baş verməsi və geniş işıqlandırılması psixoloji cəhətdən həssas insanlara mənfi təsir göstərir:
“Bu da bəzi hallarda aqressiv davranışların təkrarlanmasına səbəb olur. Nəticə etibarilə, bu cür hadisələrin qarşısının alınması üçün ailə, məktəb və cəmiyyət səviyyəsində gənclərin düzgün formalaşdırılmasına xüsusi diqqət yetirilməlidir. Sağlam sosial mühitin yaradılması, maarifləndirmə və psixoloji dəstək mexanizmlərinin gücləndirilməsi vacibdir. Ağcabədidəki hadisədə isə ciyəraxşamı və ya oxşar məclislər səbəb deyil, sadəcə iştirakçıların bir araya gəldiyi mühitdir”.
Ləman İmran
Globalinfo.az