ABŞ SEPAH və husilərə qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ SEPAH və husilərlə əlaqəli olan Honq-Konq və Birləşmiş Ərəb Əmirliklərində yerləşən iki gəmiçilik şirkətinə və onlara məxsus dörd gəmiyə qarşı sanksiyalar tətbiq edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu şirkətlər SEPAH-ın Qüds Qüvvələri adından İran məhsulları daşıyıb və gəlirlər husiləri maliyyələşdirmək üçün istifadə olunub.

“Xammal satışından əldə olunan gəlirlər husiləri və onların Qırmızı dəniz və Ədən körfəzində beynəlxalq gəmiçiliyə hücumlarına sərf olunub”,- Maliyyə Nazirliyinin məlumatında bildirilib.

ABŞ Maliyyə Nazirinin müavini Brayan Nelson məsələ ilə bağlı verdiyi açıqlamada ABŞ-ın İranın husiləri maliyyələşdirən və onların hücumlarını asanlaşdıran qeyri-qanuni maliyyə şəbəkələrinə qarşı fəaliyyətini davam etdirəcəyini deyib.