ABŞ “Patriot”ları göndərir, Lavrov sevinir, Volodin İrana gedir – Ukrayna cəbhəsində şok gəlişmə

“TASS İnformasiya Agentliyinin verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Ukraynaya “Patriot” raketdən müdafiə sistemlərinin verilməsi barədə jurnalistlərin suallarına cavab verərkən bu faktı təsdiqləyib. O, bir neçə aydan sonra, Ukrayna hərbçilərinin bu sistemi idarə etmək üzrə təlim keçməsinin ardınca silahların Ukraynaya göndəriləcəyini bildirib. Lavrovun bu bir neçə aya vurğu etməsini hələ də hər şeyin bitmədiyi kimi başa düşmək olar”.

Bu fikirləri Globalinfo.az-a politoloq Əlimusa İbrahimov bildirib.

O qeyd edib ki, Rusiya xarici işlər nazirinin narahatlığı göz qabağındadır:

““Patriot”ların gəlişi ilə cəbhədə vəziyyətin Ukraynanın xeyrinə dəyişəcəyi Rusiyanı narahat etməyə bilmir. Kreml bir tərəfdən “Patriot”ların elə də ciddi silah olmadığını sübut etməyə çalışır, digər tərəfdən ona qarşı istifadə etmək üçün müxtəlif vasitələr, silah növləri axtarır. Ümid yenə də İran dronlarına qalıb. Rusiyada hesab edirlər ki, “Patriot”lar dronlara qarşı mübarizədə effektli deyil. Çünki Yəməndə fəaliyyət göstərən İran meylli qüvvələr bu dronlardan Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumlar təşkil ediblər. Bu hücumların qarşısı orada xidmət aparan “Patriot” raketdən müdafiə sistemləri tərəfindən alına bilməmişdi. Elə buna görə də Rusiya öz emissarlarını mütəmadi olaraq İrana göndərir.

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin də bu günlər İrana səfər edəcəyi məlum olub. O özü ilə İrandan aldıqları silahların pulunu və növbəti partiyanın alınması üçün müqaviləni aparır. Amma görünür, İran Rusiyadan əlavə güzəştlər əldə etmək ümidindədir. Ona görə növbəti dron partiyasının təqdimatı geçikdirildi, yaxud İrana edilən beynəlxalq təzyiqlər öz təsirini göstərib”.

Politoloqun sözlərinə görə, Lavrovun sevinməsinə səbəb olan başqa bir məlumat isə ABŞ-nın Rusiya ilə savaşmaq istəmədiyi barədə diplomatik yollarla əldə etdikləri xəbərlərdir:

“ABŞ əvvəllər dediyi kimi Rusiya ilə birbaşa müharibəyə girmək istəmir və bunu Kremlə bildirib. Çünki əgər istəsəydi, “Patriot”larla birlikdə onu idarə edən heyəti də göndərərdi.

Lavrov başa düşməmiş deyil ki, ABŞ Ukrayna tərəfində döyüş əməliyyatlarının gedişinə uyğun olaraq qərar qəbul edir. Bu gün Amerikanın birbaşa Rusiya ilə müharibəyə girməsinə ehtiyac yoxdur, vəziyyət bunu tələb etmir. Ukraynalılar onlara edilən yardım müqabilində lazım olan səviyyədə döyüş apara bilir və hətta işğal olunmuş ərazilərini geri qaytarırlar. Digər tərəfdən, Rusiya hələ Vaşinqtonun istədiyi səviyyədə zəifləməyib ki, Amerika qoşunlarını təhlükəyə atsın.

Bütün bunlar heç də o demək deyil ki, Amerika yaxın gələcəkdə Rusiyaya qarşı birbaşa müharibəyə girməyəcək. Hər şey döyüşlərin gedişindən asılı olacaq. Bir neçə ay bundan qabaq Amerikada Ukraynaya “Patriot” raketdən müdafiə sistemlərinin veriləcəyini heç kim təsdiq edə bilmirdi. İndi isə “Patriot”lar artıq Ukraynaya doğru yola çıxır.

Deməli, Rusiya xarici işlər naziri, görkəmli diplomat Sergey Lavrovun Amerikadan gözləntiləri özünü aldatmaqdan başqa bir şey deyil. Baş diplomat özü də bunun fərqindədir”.

Gülnar Səlimova
Globalinfo.az