“ABŞ İrana hərbi müdaxilə etsə, Ukrayna cəbhəsində Rusiya ilə anlaşacaq” – Sensasion müsahibə

Siyasi şərhçi Asif Nərimanlı Globalinfo.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

– Asif bəy, bir neçə gün öncə İsrailə məxsus dronlar İranın müxtəlif şəhərlərində strateji hərbi obyektlərə zərbə endirdi. İsrailin zərbələrini İrana hərbi müdaxilənin anonsu hesab etmək olar?

– İsrailin zərbələrindən sonra İrana hərbi müdaxilə məsələsi aktuallaşıb. Nüvə danışıqlarının nəticə verməməsi, İranın uranı nüvə silahı əldə edə biləcək qədər zənginləşdirməyə davam etməsi hərbi müdaxilə variantını da qaçılmaz edir. Çünki Ukraynada Rusiya-ABŞ qarşıdurması İran üçün diqqətdən kənarda qalmaq və yaranmış geosiyasi vəziyyətdən istifadə edərək, nüvə proqramını inkişaf etdirmək imkanı yaradıb.

Tehranın sərgilədiyi mövqe də göstərir ki, onlar hərbi müdaxilənin qarşısını almaq üçün danışıqlar prosesində iştirak edir, lakin vaxt qazanmaq məqsədilə prosesi dalana salır.

İranın hərbi obyektlərinə zərbələrin endirilməsi də əslində Tehrana xəbərdarlıq xarakteri daşıyırdı və ABŞ-ın hədəfi bu ölkəni nüvə danışıqlarında razılaşmağa məcbur etməkdir. Hərçənd İran rejiminin buna gedəcəyi ehtimalı az görünür, zərbələrdən sonra verdikləri açıqlamalar da bu yöndədir. Bu isə o deməkdir ki, Tehran nüvə proqramını davam etdirməkdən əl çəkməyəcək.

– İranın nüvə proqramını davam etdirməsi nə ilə nəticələnə bilər?

– ABŞ-dan verilən açıqlamalar o yöndədir ki, nüvə proqramının qarşısını almaq üçün diplomatik yollarla yanaşı, hərbi müdaxilə də masadadır. Hərçənd Ukraynada müharibənin getdiyi vaxt İrana hərbi müdaxilənin çətinlikləri var.

Birincisi, bu, diqqətin Ukrayna cəbhəsindən yayınmasına və Rusiyanın irəliləməsinə şərait yarada bilər.

İkincisi, Ukraynaya verilən silahların Qərb ölkələrinin hərbi arsenalında yaratdığı çətinliklə eyni vaxtda iki böyük cəbhədə döyüşmək problem yaradır.

– Vaşinqton İran faktoruna görə Rusiya ilə danışıqlar masasına əyləşə bilər?

– İrana hərbi müdaxilənin aktuallaşdığı vaxt Ukrayna məsələsində Rusiya ilə masaya əyləşmək variantının gündəmə gələcəyi istisna deyil. Ukrayna müharibəsinin hansı ssenari ilə başa çatması haqda Vaşinqtonda fikir ayrılığının olduğu bəllidir. Son dövrlər masanın qurulması mövqeyi daha qabarıq görünür. İran məsələsi bu mövqeyi daha da gücləndirə bilər.

– Asif bəy, ABŞ Dövlət katibi Entoni Blinken Yaxın Şərq ölkələrinə səfəri çərçivəsində Misir və İsraildə oldu. Səfər üçün məhz bu iki ölkənin seçilməsi nədən xəbər verir?

– Blinkenin Yaxın Şərqə səfərinə İranda müdaxilə ssenarisi fonunda baxdıqda səbəblər aydın görünür.

Birincisi, İsrail-Fələstin münaqişəsinin alovlanmasının qarşısını almaqdır.

İkincisi, Misirə səfər ərəb ölkələrinin dəstəyinin təmin edilməsi kimi görünür. Lakin Misir səfəri burada xüsusi əhəmiyyət daşıyır. Bunu anlamaq üçün Lavrovun “Qahirədə səfərdə olan Blinkenin Misirin xarici işlər naziri vasitəsilə müəyyən mesajlar çatdırdığına dair” dediklərinə baxmaq lazımdır.

Mümkündür ki, Moskva-Vaşinqton arasında Qahirə yeni vasitəçilərdən biridir və Ukrayna müharibəsində masanın qurulması müzakirə edilir. Ukrayna məsələsində Rusiya və ABŞ arasında əsas vasitəçiliyi Türkiyə edir, lakin Türkiyədə seçkilərin keçirilməsi Ankaranın diqqətinin daxilə yönələcəyi perspektivini vəd edir. Digər tərəfdən, ABŞ-ın Ərdoğan Türkiyəsinə qarşı birmənalı olmayan münasibəti də Vaşinqton üçün Ankaranı Qahirə ilə əvəzləmək səbəblərindən ola bilər.

Son proseslərin təhlilini apardıqda yekun nəticəni belə qiymətləndirmək olar: İrana hərbi müdaxilə aktullaşır və bu ssenaridə ABŞ Ukrayna cəbhəsində Rusiya ilə anlaşmanın mümkünlüyü haqda düşünür.

– Misir Prezidenti Əbdülfəttah Sisi Hindistan səfərinin ardınca öncə Azərbaycana, daha sonra isə Ermənistana səfər etdi. Rəsmi Qahirə bütün bu proseslər fonunda hansı missiyanı öz üzərinə götürüb?

– Bütün bunların fonunda Misir prezidentinin Cənubi Qafqaza səfəri əsas diqqətçəkən məqamdır. Burada Misirin öz maraqları var. Eyni zamanda, Sisinin Hindistandan bölgəyə gəlişi təsadüfi deyildi. İrana hərbi müdaxilə reallaşarsa, bu, Dehlinin Pakistan və Çinə qarşı İran vasitəsilə həyata keçirmək istədiyi nəqliyyat şəbəkəsini risk altına salacaq və istisna deyil ki, Sisi Dehlinin də Cənubi Qafqaza müəyyən mesajlarını gətirmişdi. Digər tərəfdən, İran ətrafında çəmbərin Cənubi Qafqazdan da daraldılması hədəfi də istisna deyil və Misir prezidentinin səfərinin məqsədlərindən biri bu ola bilər.

Və ən nəhayət, bu proseslərdə lokomotiv rolunu niyə Misir oynayır? Fikrimcə, bu, ABŞ-ın strategiyasıdır. Vaşinqton İranla nə qədər qarşıdurmada olsa da, arxa planda molla rejimi ilə əməkdaşlıq mövcud olub, xüsusilə Yaxın Şərqdə apardığı siyasət baxımından. İran “taxtdan endirilirsə”, onun yerinə Misir ön plana çıxarılır. Misirin Cənubi Qafqaza gəlişi həm də bölgədə Türkiyənin əsas oyunçu olmasına qarşı gediş ola bilər. Yəni ABŞ Cənubi Qafqazda Türkiyə ilə işləməklə yanaşı, alternativ oyunçu da irəli sürür.

Turan Rzayev
Globalinfo.az