ABŞ-ın Ermənistan üçün xilas planı – Hədəf nədir?

ABŞ Ermənistanda nüvə reaktorları yaratmaq istədiyini, bunun üçün mövcud imkanların dəyərləndirildiyini açıqlayıb. Nəticədə Ermənistanın Rusiya və Çindən enerji asılılığından qurtulacağını əsas göstərib.

Həmçinin NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Paşinyan və Mirzoyanla NATO – Ermənistan münasibətlərinin möhkəmləndirilməsi haqda danışıb.

Bəs ABŞ-ın nüvə reaktoru məsələsində əsas məqsədi nədir? Hazırkı proseslərin fonunda NATO – Ermənistan danışıqları necə dəyərləndirilməlidir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Mətin Məmmədli Vaşinqton və İrəvanın maraqlarının eyni olduğunu deyib:

“ABŞ-ın Ermənistanla nüvə enerjisi məsələsində əməkdaşlıq müzakirəsi yeni deyil. Son illərdə iki ölkə arasında bu istiqamətdə danışıqlar aparılır, səfərlər həyata keçirilir. Burada əsas məqsəd Ermənistanın Rusiyadan enerji asılılığını azaltmaqdır.

Paralel olaraq NATO-nun Cənubi Qafqaz üzrə nümayəndəsi də İrəvan rəsmiləri ilə ayrıca görüş keçirdi. Aydın məsələdir ki, Ermənistanın indiki hakimiyyəti Qərblə əlaqələri möhkəmləndirməyə çalışır. İrəvan bu kimi addımlarla Qərbə daha da yaxınlaşaraq Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq istəyir. Qərbin də istəyi və məqsədi Ermənistanı Rusiyadan uzaqlaşdırmaqdır. 2018-ci ildə Ermənistanda baş verən “məxməri inqilab”dan sonrakı 5 ildə həm Paşinyan hakimiyyəti, həm də ABŞ müəyyən addımlar atıblar. İki ölkə arasında geosiyasi maraqlar üst-üstə düşür”.

Ayşən Mustafa
Globalinfo.az