Türkiyədə normadan artıq yağıntıların kənar müdaxilə nəticəsində baş verdiyi iddia olunur. Qeyd edək ki, qardaş ölkədə daha əvvəl baş verən böyük zəlzələlərlə bağlı da oxşar versiyalar irəli sürülüb. Belə ki, 1999-cu il avqustun 17-də baş verən Gölcük zəlzələsindən sonra fəlakətin HAARP texnologiyası vasitəsilə yaradıldığına dair fikirlər yayılıb. 2023-cü il fevralın 6-da baş verən Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra da oxşar mülahizələr gündəmə gəlib. Lakin zəlzələlərin süni müdaxilə nəticəsində yaradıldığını təsdiqləyən elmi sübut yoxdur.
Reallıq nədən ibarətdir?
Globalinfo.az-a danışan ekoloq Qorxmaz İbrahimli bildirib ki, Kahramanmaraş zəlzələsi və son sel hadisələri ilə bağlı müxtəlif şayiələr yayılır.
Onun sözlərinə görə, Türkiyəyə qarşı belə bir tektonik silahdan istifadə olunduğuna dair heç bir məlumat yoxdur:
“Yağıntılarla bağlı da belə bir vəziyyət mövcud deyil. Xüsusilə İsrail-ABŞ-İran gərginliyindən sonra bu cür iddialar ortaya atıldı. Zəlzələ və onun ağır nəticələri, eləcə də sel fəlakətləri Türkiyənin infrastrukturunda ciddi problemlərin olduğunu göstərdi. 9-10 bal gücündə zəlzələlərə tab gətirmək, doğrudan da, çətindir. Ancaq Türkiyədə zəlzələnin baş verə biləcəyi əvvəlcədən məlum olsa da, lazımi tədbirlər görülmədi. Təhlükəli tikililərin sökülərək möhkəm və dayanıqlı binalarla əvəzlənməsi, uçma riski yüksək olan tikililərlə bağlı zəruri işlərin aparılması təmin edilmədi.
Fay xətləri haqqında da məlumat var və onların üzərində tikilmiş binalar mövcuddur. Bununla bağlı da lazımi tədbirlər görülməyib. Yaponiya kimi ölkələrdə zəlzələlər zamanı dağıntıların miqyasını azaltmaq üçün qabaqlayıcı tədbirlər görülür. Hündürmərtəbəli binaların tikintisində də seysmik təhlükəsizlik tələbləri nəzərə alınmalıdır. Bu baxımdan, irəli sürülən iddiaların əsassız olduğunu düşünürəm”.
Qorxmaz İbrahimli
Ekoloq qeyd edib ki, İstanbulda baş verən son hadisələrlə bağlı da oxşar yanaşma müşahidə olunur:
“İnfrastrukturun tikintisinə və şəhərsalma işlərinə məsul olan qurumlar bu məsələləri lazımi səviyyədə həll etməyiblər. Çay məcralarında tikililər var, qeyri-qanuni yaşayış evləri salınıb. Nəticədə, yağış sularının axması üçün lazımi şərait yoxdur. Təbiət bizə xəbərdarlıq edir, lakin biz bundan nəticə çıxarmırıq. ABŞ-da da tornadolar baş verir və milyardlarla dollar ziyan dəyir. Bununla belə, risklərin azaldılması üçün qabaqlayıcı tədbirlər görülməsi insan tələfatının qarşısını almaqda mühüm rol oynayır. Bu dəfə normadan artıq, həqiqətən də, qeyri-adi yağıntılar qeydə alınıb. Ancaq əsas problem kanalizasiya və infrastruktur sistemlərinin yararsız vəziyyətdə olması, yolların və yağış sularının axıdılması sistemlərinin düzgün qurulmamasıdır.
Azərbaycanda da oxşar problemlər var. İki il əvvəl və bu il Bakıda da bənzər vəziyyətlə qarşılaşdıq. Su keçirən asfalt örtüyü kifayət qədər deyil, kanalizasiya sistemi normal işləmir. Yağış sularının axıdılması üçün lazımi şərait yaradılmayıb. İstanbul zəif yağıntılara tab gətirsə də, güclü leysan qarşısında çətinlik çəkir. Bildirilir ki, son 80 ildə belə yağıntı qeydə alınmayıb. Halbuki bu cür hadisələr gələcəkdə də təkrarlana bilər. Əsas məsələ onlara hazırlıqlı olmaqdır”.
Safura Bənnayeva
Globalinfo.az