ABs azerbaycan 1453 900x523 1

ABŞ-ın vitse-prezidenti Kamala Harris prezidentliyə namizəd qismində Amerikanın erməni icmasına ünvanlandığı müraciətdə “Dağlıq Qarabağdan olan ermənilərin qayıtmaq” hüququna istinad edib. Harrisin bu yanaşması ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Harris prezident seçilərsə, Azərbaycanı ciddi təzyiqlər gözləyir? Bəs, Bakı indidən bu təzyiqlərə, hücumlara sinə gərə bilmək üçün nə kimi hazırlıqlar içindədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Elmir Səftərov deyib ki, ABŞ-ın vitse-prezidenti və demokratların prezidentliyə namizədi Kamala Harrisin Amerikanın erməni icmasına ünvanladığı müraciəti bu ölkənin Cənubi Qafqaz regionuna, o cümlədən Azərbaycana qarşı olan dövlət siyasətinin xarakterini izah edir:

“Bu, yeni yanaşma deyil və ABŞ-ın uzun illərdir, ölkəmizə qarşı həyata keçirdiyi anti-Azərbaycan davranışlarının yeni formada davamıdır. Xatırlayırıq ki, torpaqlarımızın beynəlxalq hüquqa zidd şəkildə dünyanın gözü önündə Ermənistan tərəfindən işğal edilməsinə susqunluq nümayiş etdirən ABŞ, 1992-ci ildə “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi əlavə etdi. Əslində bu addım ABŞ-ın əsl niyyətini büruzə verirdi. Bu düzəliş ABŞ tərəfindən Azərbaycan hökumətinə istənilən təyinatlı birbaşa yardımın göstərilməsini qadağan edirdi. Halbuki, təcavüzə, işğala məruz qalan, əraziləri Ermənistan tərəfindən qəsb olunan, 1 milyona yaxın vətəndaşı məcburi köçkün vəziyyətinə düşən, vəhşicəsisə qətl edilən tərəf Azərbaycan idi. Bu səbəbdən də ən çətin vaxtında ABŞ-ın ikili standartları ilə üzləşən ölkəmizdə immunitet formalaşıb və Amerikanın hansı formatlarda necə davranışlar sərgiləyəcəyi ehtimal edilir”.

Siyasi şərhçinin sözlərinə görə, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen da Bakı və İrəvan arasında sülh sənədi imzalananadək ABŞ-ın Azərbaycana münasibəti “əvvəlki kimi” olmayacağını demişdi:

Elmir Səftərov

Elmir Səftərov

“Bu baxımdan da Qərb dairələri bir yandan Ermənistanı silahlandırır, digər tərəfdən də sülhə dəstəyini ifadə edir və bu istiqamətdə İrəvana deyil, ölkəmizə təzyiqlər edirlər. Onlar da anlayır ki, işğalçı dövləti silahlandırmaq sülhə deyil, regionda sabitliyin pozulmasına gətirib çıxaracaq. Prezident İlham Əliyev də bir neçə gün əvvəl Milli Məclisdə çıxışında bu məsələyə toxundu və Ermənistanın silahlandığını diqqətə çatdırdı.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID), ən böyük və nüfuzlu erməni-amerikan lobbi qruplarından biri olan Amerika Erməni Milli Komitəsininin (ANCA) və buna bənzər fondların, təşkilatların Ermənistana isti münasibəti elə ABŞ-ın dövlət siyasətindən qaynaqlanır. Ona görə də ermənipərəstliyi daxili və xarici siyasətin əsas sütunu hesab edən və ermənilərin güclü dəstəyi ilə konqresə, senata və ya prezident postuna seçilən şəxslərdən ölkəmizə qarşı müsbət nəsə gözləmək olmaz.

İstənilən halda ABŞ-ın indiki və keçmiş administrasiyalarının Ermənistanı dəstəkləməkdə uğursuzluğa düçar olduğunun şahidi olmuşuq. Bundan sonra da ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa edən ölkəmizə qarşı bütün mənfi çağırışlara layiqli cavab veriləcək”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: