AzTV-nin “Qərbi Azərbaycan” süjeti İrəvanı vahiməyə salıb. Belə ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış konsepsiyası Ermənistanın siyasi dairələrində, diaspor strukturunda, cəmiyyətində ciddi təlaş yaradıb. Onlar başa düşürlər ki, Azərbaycan dövləti tarixi əraziləri sürətlə bərpa edir. Ona görə canlarına vəlvələ düşüb, narahatdırlar ki, elə bir geopolitik vəziyyət yaranar ki, azərbaycanlılar tarixi şəhərləri olan İrəvana qayıtmalı olarlar.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, 44 günlük müharibədən sonra Ermənistanda Qərbi Azərbaycanla bağlı qorxu artıb:
“Bu, təkcə müharibədə Azərbaycanın gücünü görmələrindən qaynaqlanmır, həm də rəsmi Bakının apardığı siyasət İrəvanı narahat edir. Xüsusilə Zəngəzur dəhlizi, azad olunmuş ərazilərdə Şərqi Zəngəzur bölgəsinin yaradılması, Prezident İlham Əliyevin verdiyi mesajlar, Qərbi Azərbaycan icmasına dövlət səviyyəsində dəstəyin verilməsi və s. addımlar ermənilərdə təşviş yaradıb.
Asif Nərimanlı
Onlar anlayırlar ki, məsələ rəsmi Bakının ritorikası yox, real siyasəti və hədəflərindən ibarətdir. Əslində Qərbi Azərbaycan məsələsinin gündəmə gəlməsinin iki hədəfi var:
Birincisi, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyən Ermənistana adekvat gedişlə cavab verməkdir.
İkincisi, Azərbaycanın gələcək strategiyasının qurulmasıdır.
Bakı azərbaycanlıların öz yurdlarına qayıdışı məsələsini danışıqlar masasına daxil edib, bu o deməkdir ki, Qərbi Azərbaycana qayıdış strategiyası realdır. Bu strategiya uzaq perspektivdə geosiyasi proseslərə də hesablanıb. Əgər XX əsrə baxsaq, dünyanın siyasi xəritəsinin dəyişdiyini görə bilərik.
XXI əsrdə də siyasi xəritənin dəyişməsi gözləniləndir. Bu yaxın dövrdə olmasa da, gələcəkdə qaçılmaz olacaq və mümkündür ki, dünyanı doğru oxuyan Prezident İlham Əliyev tarixi torpaqlarımıza qayıdışın təməllərini indi atmaqla Azərbaycanı dünyanın siyasi xəritəsində mümkün dəyişikliklərə hazırlayır. AzTV-nin qısa sujetinə ermənilərin isterik reaksiyası da onların perspektiv qorxularından qaynaqlanır”.
Turan Rzayev
Globalinfo.az