ABŞ Ermənistanla müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə İrəvanda imzalanan Ermənistan–ABŞ hərtərəfli strateji tərəfdaşlıq xartiyasında qeyd olunub.
Sənəddə bildirilib ki, Ermənistan və ABŞ arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq yalnız ikitərəfli münasibətlərin deyil, bütövlükdə regionda sabitliyin möhkəmlənməsinə xidmət edən amil kimi qiymətləndirilir.
Xartiyaya əsasən, Vaşinqton Ermənistan Silahlı Qüvvələrinə ABŞ istehsalı olan hərbi texnika və yardımçı avadanlıqların xarici hərbi satış proqramı çərçivəsində tədarükünü nəzərdən keçirir.
Bununla yanaşı, ABŞ-ın Ermənistan ordusuna beynəlxalq hərbi təhsil və hazırlıq proqramları vasitəsilə dəstək verməsi, o cümlədən erməni hərbçilərinin peşəkar kurslara cəlb olunması planlaşdırılır. Sənəddə Beynəlxalq Hərbi Təhsil və Hazırlıq Proqramının (IMET) da bu əməkdaşlığın tərkib hissəsi olduğu vurğulanıb.
Tərəflər qeyd ediblər ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün ABŞ və Ermənistan müdafiə məsələləri üzrə müntəzəm ikitərəfli məsləhətləşmələr keçirəcək.
Əliyar Xəlil