642c709807b92642c709807b931680634008642c709807b90642c709807b91

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən diqqətləri üzərinə çəkə bilib. Belə ki, ötən gün onun haqqında formal həbs qərarı verilib. Daha sonra məhkəmə bu qərarı ləğv edib.

Trampın prezident seçkilərində namizəd olacağını açıqlaması sonrası bu hadisələrin baş verməsi diqqət çəkir. Bəzi ekspertlər hesab edir ki, Trampın həbsi əslində şoudur və bu onun reytinqinin yüksəlməsinə hesablanıb. Bundan başqa Trampın adının 30-dan çox maliyyə fırıldaqçılığında hallanmasına görə onun reytinqinin aşağı düşəcəyini iddia edənlər də var.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Donald Tramp istər prezident seçilməmişdən öncə, istərsə də prezidentlik müddətində kifayət qədər mübahisələrə səbəb olub:

Elxan Sahinoglu 5

Elxan Şahinoğlu

“Ümumiyyətlə Tramp özündən öncəki nə prezidentlərə, nə də prezidentliyə namizədlərə bənzəmir. Belə ki, ABŞ prezidentləri əsasən Konqresdən seçilir. Çünki konqresmenler kifayət qədər təcrübəli siyasətçilərdir.

Tramp isə siyasətçi deyil. O atasından qalan maddi imkanları düzgün istifadə edərək tikinti sektorunda söz sahibi olan biznesmendir.

Trampın kifayət qədər qalmaqallı seçki kampaniyası və prezidentlik müddəti oldu. Özündən öncəki heç bir prezidentin atmadığı addımları atdı. Hətta xatırlayıram, heç kəs onun prezident seçkilərində Hillari Klintona qalib gələcəyini düşünmürdü.

O ki qaldı onun həbsinin bir şou olmasına, hesab edirəm, buna birmənalı cavab vermək doğru deyil. Belə ki, haqqında həbs qərarının verilməsi respublikaçılar üçün mənfidir. Lakin dünəndən etibarən onun evinin qarşısında tərəfdarları toplaşıb”.

Politoloq Fuad Çıraqov isə deyib ki, Tramp 2016-cı il prezident seçkisi kampaniyasında ciddi fiqura çevrilən ilk gündən bütün liberal sistem və bütün qlobal qeyri-rəsmi liberal-sol internasional ona qarşı çevrildi, mətbuatı və təbliğat maşını ilə onun əqli qabiliyyətini aşağılamağa, onun şeytani obrazını yaratmağa çalışdılar və hələ də çalışmaqdadırlar:

web fuad chiraqov 768x456 1

Fuad Çıraqov

“Bin Ladendən daha çox onu demonizasiya etməyə çalışdılar. Çox narahatdırlar, indi də narahatdırlar, onun prezident olmasını qəbul etmirlər və hələ də bunu ona bağışlamırlar. Sözün açığı ona qədər bu şərti internasionalın bu qədər mütəşəkkil gücünü, həmrəyliyini və kütlələrə bu qədər təsir etmə imkanlarının olduğunu, insanları zombiləşdirməyə çalışdıqlarını təsəvvür etmirdim.

Tramp prezident seçilən kimi xüsusi prokuror Müllerin başçılığı ilə 2017-ci ildən 2019-cu ilə qədər davam edən Trampın və yaxınlarının Rusiyaya bağlılığı və seçkilərin nəticələrinə təsirini araşdıran xüsusi istintaq qrupu yaradıldı. İstintaq qrupu konkret hansısa faktı tapmasa da Trampın prezidentliyinin 2 ili üzərində bir Domokl qılıncı kimi durdu və fəaliyyətini məhdudlaşdırmağa çalışdı.

Tramp prezidentliyini başa vurandan sonra ona qarşı sistemin hücumlarının ikinci dalğası başlandı. Təkcə ona qarşı deyil, az qala bütün salam verdiklərinə və pişiyinə qarşı məhkəmə və cinayət işləri qaldırıldı. Xüsusilə Tramp ikinci dəfə seçkilərdə iştirakı iddiasını ortaya qoyandan sonra bütün inzibati resursları ona qarşı çevirdilər. Artıq iki ildir ki, məhkəmə hüquq sistemi dəridən-qabıqdan çıxır ki, 2021-ci ilin yanvarında ABŞ-da prezident seçkilərinin nəticələrinə etiraz edərək Konqres binasına hücum çəkən qrup üzvlərinin birbaşa Trampdan göstəriş aldığını sübut etməyə çalışır. Hələlik sübut edə bilmirlər. Ona görə də paralel bir neçə məsələlərlə bağlı üstünə gedirlər. İndi isə görürük ki, nəhayət, bir porno ulduza pul verməsi ilə bağlı mövzuda müəyyən nöqtəyə gəliblər.

Təsəvvür edin, Federal Arxiv İdarəsi də Trampa qarşı fəaliyyəti ilə əlaqədar dövlət sənədlərinin vaxtında və prosedura uyğun təqdim etmədiyi ilə bağlı iddia qaldırdı. Ancaq sonradan məlum oldu ki, Bayden də vitse-prezident olanda və sonra da məxfi qrifli sənədləri prosedurun əleyhinə olaraq öz şəxsi evinə aparması faktı ortaya çıxanda Trampla bağlı iddianı ört-basdır eləməyə çalışdılar.

Bayden isə prezident seçiləndən sonra Trampın başladığı fundamental siyasətlərin heç birindən geri çəkilmədi. Əksinə – miqrantların hüquqları, Çinlə iqtisadi müharibə, tariflər, proteksionist iqtisadi siyasət məsələlərində ondan daha da irəli getdi. Faktiki olaraq görürük ki, bir zamanlar qlobal miqyasda iqtisadi liberalizmi dünyaya zorla yeridən ABŞ Baydenin prezidentliyi dövründə qlobal miqyasda iqtisadi liberalizmi məhv edir və klassik merkantilist dövlətə çevirilir”.

Turan Rzayev

Globalinfo.az

Paylaş: