ABŞ-dan Rusiyanı sevindirən qərar: Böyük müharibəyə hazırlıq başladı

İsrailin İran və Livanın “Hizbullah” qruplaşması ilə yaşadığı gərginlik dünya ictimaiyyətinin diqqətini yenidən Yaxın Şərqə yönəldib.

Bəzi ekspertlərin fikrincə, bu vəziyyət daha çox Rusiyanın işinə yarayır, çünki Ukraynadakı münaqişə tədricən diqqətdən kənarda qalıb.

Paralel olaraq isə rus ordusu Ukrayna ərazilərində irəliləməyə davam edir.

Globalinfo.az-a danışan politoloq Şahin Cəfərli deyib ki, Yaxın Şərqdə İsrailin iştirakı ilə baş verən istənilən gərginlik və hərbi toqquşma hər zaman dünya mediasının üst sıralarında yer alır:

“Bu, ilk növbədə həmin regiondakı münaqişələrə daha çox aktor cəlb olunması ilə əlaqədardır. Rusiya-Ukrayna müharibəsi miqyas etibarilə daha böyükdür, amma buna baxmayaraq Yaxın Şərqdəki gərginlik əhatə dairəsinə görə əsas diqqətləri özünə çəkir.


Şahin Cəfərli

Ukrayna mövzusu indiki məqamda arxa plana keçib. Əlbəttə, bu, rəsmi Kiyev üçün arzuolunmaz tendensiaydır. Çünki Qərb bloku və lider ABŞ diqqəti Yaxın Şərqə ayırıb. Məlum olduğu kimi, Vaşinqtonun Təl-Əviv qarşısında öhdəliyi var, faktiki olaraq ABŞ İsraili müdafiə edir. Lakin hələ ki Ağ Evin Kiyevlə belə bir münasibəti yoxdur”.

Politoloqun sözlərinə görə, İsrail texnoloji baxımdan güclü olsa da, özünü bütün növ silahlarla təmin edə bilmir:

“Yəni Təl-Əviv ABŞ-dan silah almağa məcburdur. Vaşinqton gərginlik yarandığı zaman İsrailə silah-sursat yardımını artırır. Bu da həmin silahların Ukraynaya verilməsinə mane olur. ABŞ  İsrail ilə müqayisədə Ukraynaya daha az diqqət ayırır”.

Turan Rzayev
Globalinfo.az