ABŞ Dövlət katibinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyəti ötən həftəsonu Ermənistana gəldi. Ermənistan Baş naziri Nikol Paşinyan Hakla rəsmi İrəvan və Bakı arasında sülh müqaviləsi ilə bağlı məsələləri müzakirə edib.
Bu, nədən xəbər verir? Vaşinqton yenidən sülh masası qurur? Putinin avqustda Bakıya səfərindən sonra Moskvanın Cənubi Qafqazda fəallaşması fonunda geosiyasi rəqabət yaranır?
Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, ABŞ və digər Qərb ölkələrinin nümayəndələri Ermənistana səfər edərkən mütləq sülh prosesi ilə bağlı müzakirə aparırlar:
Elçin Xalidbəyli
“Bu, ümumi vərdiş modelinə çevrilib. Amma realda vəziyyət tamam fərqlidir. ABŞ, Aİ və Fransa Ermənistanı sürətlə silahlandırmağa davam edirlər. Birləşmiş Ştatlar və Qərbin Cənubi Qafqazda sülhlə bağlı danışıqları manipulyasiyadan başqa bir şey deyil. Hazırda Qərb ölkələrinin atdığı addımlar regionda növbəti dəfə hərbi münaqişəsinin törədilməsinə səbəb ola bilər. Onların bu davranışları Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına ən böyük əngəl rolunu oynayır. Qərb siyasi dairələri prosesə belə müdaxilə etməsə idilər bu günə qədər sülh müqaviləsi çoxdan imzalanmışdı”.
Safura Bənnayeva
Globalinfo.az