
ABŞ Dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik ünvanlayıb. “Biz əlaqələri gücləndirəcək və bütün regiona iqtisadi fayda verəcək bu məqsədə tam sadiqik. Azərbaycanın müstəqilliyi şərəfinə bu mühüm bayramda mən Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiqləyirəm”, – təbrik mətnində qeyd olunub.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden də Müstəqillik Günü münasibətilə Azərbaycan Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, ABŞ-Azərbaycan münasibətlərində soyuqluq yaşanırdı:
“ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ, Rusiya və Fransa ilə müqayisədə daha passiv mövqe sərgiləyirdi. Cozef Bayden isə Azərbaycana qarşı olan 907-ci düzəlişin müəlliflərindən biridir.
O, hələ Konqresdə olduğu vaxtdan erməni diasporuna yaxınlığı ilə bilinirdi. Ancaq ABŞ-ın özünün strateji maraqları var və Bayden də bundan kənara çıxa bilməz.
Müharibən sonra ABŞ Ermənistanın könlünü almaq, bu ölkəni Rusiyanın orbitindən çıxarmaq məqsədilə müxtəlif layihələr icra etdi. Hətta Baydenin Azərbaycana səfir göndərdiyi Mark Libbi də Şuşaya bu səbəbdən getmirdi. Ancaq səfir də sonda inadından döndü, Şuşaya getdi. Təbii ki, bunun üçün ona Dövlət Departamentindən icazə gəlməli idi.
Azərbaycan hazırda regionun aparıcı dövlətidir. Avropanın enerji siyasətində mühüm rol oynayır, Şərq-Qərb ticarət yolunun əsas halqası məhz Azərbaycandan keçir. Buna görə ABŞ Azərbaycanı gözardı edə bilməz. Vaşinqton Bakı ilə əməkdaşlığa məcburdur.
Bayden və Blinkenin təbrik məktubları Ağ Evin Azərbaycanla yeni mərhələyə başlamaq istədiyini göstərir. Biz yaxın zamanda ABŞ-dan Azərbaycana yüksəksəviyyəli ziyarət də görə bilərik. Ola bilsin ki, Blinken yaxında regiona səfər etsin. Çünki ABŞ ümumilikdə Cənubi Qafqaz regionundakı siyasətini korrektə etməyə məcburdur. Hazırda bu regionda çox gərgin proseslər gedir. Azərbaycan öz torpaqlarını azad edərək yeni reallıqlar yaradıb, Gürcüstan və Ermənistanda mitinqlər gedir. ABŞ regiondakı dəyişikliklərə özünü uyğunlaşdırmalıdır”.
Turan Rzayev