
“Avstraliyadan ABŞ-a təmir üçün göndərilən F-35 qırıcılarına məxsus bəzi hissələr yanlışlıqla Honq-Konqa çatdırılıb”.
Globalinfo.az xəbər verir ki, bunu Avstraliyanın müdafiə naziri Riçard Marls deyib.
Nazirin sözlərinə əsasən, hadisə hazırda Avstraliya hökuməti, ABŞ tərəfi və F-35 proqramının əsas podratçısı olan “Lockheed Martin” tərəfindən araşdırılır.
İlkin qiymətləndirməyə görə, itkin düşmüş hissələr arasında texnoloji baxımdan həssas avadanlıq və ya komponentlər yoxdur.
Bildirilir ki, sözügedən yük bu ilin əvvəlində təmir məqsədilə Avstraliyadan ABŞ-a yola salınıb. Lakin logistika prosesində baş verən səhv nəticəsində yükün son ünvanı Honq-Konq olub.
Qeyd edək ki, Avstraliya Hərbi Hava Qüvvələrinin arsenalında 72 ədəd F-35 qırıcısı var. Ölkə həmçinin F-35 proqramı çərçivəsində ehtiyat hissələrinin ortaq hovuzundan istifadə edən dövlətlər sırasındadır.
Safura Bənnayeva
Globalinfo.az