Abdullahianın ifşası İranı çıxılmaza salıb: SEPAH-ın gizli adamı deşifrə olunarsa…

Mayın 7-də İran Xarici İşlər Nazirliyinin saytına haker hücumu baş verib.

Hücum nəticəsində İranın hakim siyasi elitasının bir çox şəxsi barədə məxfi məlumatlar sosial şəbəkələrə sızdırılıb. Həmin şəxslərdən biri də xarici işlər naziri Hüseyn Əmir Abdullahiandır. Belə ki, onun “SEPAH” və “Qüds” qanadının keçmiş və hazırda radikal “Bəsic” qüvvələrinin fəal üzvü olması məlum olub. Maraqlıdır, bu fakt Abdullahianın diplomat və XİN başçısı kimi danışıqlarda iştirakını əngəlləyə bilərmi? Diplomat statusu daşıyan bir şəxs haqda belə məlumatın aşkarlanması onun missiyasına, toxunulmazlığına və ölkələrarası fəaliyyətinə təsir edə bilərmi? Azərbaycan XİN Abdullahianla danışıqları dayandıra bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Hüseyn Əmir-Abdullahianın SEPAH-la əlaqələrinin olması yeni bir iddia deyil, heç yeni fikir də deyil:

Aqşin Kərimov

“Abdullahian hələ xarici işlər naziri təyin olunmamışdan öncə SEPAH-ın xaricdəki əməliyyatlarını həyata keçirən fiqur kimi tanınıb. Abdullahian boş yerə “İranın sərt gücünün yumşaq sifəti” kimi tanınmayıb. Ancaq Abdullahianın kimliyinin ilk dəfə rəsmi şəkildə göstərən sənədin üzə çıxması sadəcə İsrail-İran münaqişəsi kontekstində diqqət çəkir. Bu yeni kimlik o deməkdir ki, İran kiminsə fəaliyyətini müxtəlif adlar altında pərdələməyə çalışsa da onun üstü açılacaq”.

Ekspert qeyd edib ki, Azərbaycanla İran arasındakı danışıqlarda Abdullahian faktoruna gəlincə, bunun davam etməsində qeyri-adi və təəccüblü bir şey görmürəm: “Yəni Abdullahianın SEPAH üzvü olması belə onun xarici işlər naziri kimi statusuna xələl gətirmir, onsuz da bilinir ki, İran XİN də və Ali Milli Təhlükəsizlik Şurasında SEPAH-ın kadrları gen-bol yerləşdirilib. Abdullahian barədə məlumatın sızması Azərbaycanla İran arasındakı XİN başçıları səviyyəsindəki dialoqa həlledici təsir göstərməyəcək. Məsələ ondadır ki, İranın daxilində də Abdullahian hədəfdə ola bilər, çünki İranın xarici siyasət kursundakı fikir ayrılıqlarının bir ucunda Abdullahian dayanır. Bunu iki aspektdə diqqətdə saxlamaq olar. Birincisi, İran hakimiyyətindəki qonşu ölkələrlə münasibətlərdə loyal davrananlar Abdullahianın fəaliyyətini uğursuzluq kimi qiymətləndirə bilərlər. İkincisi, SEPAH daxilində Abdullahianın diplomatiya oxu ətrafında fırlanmasını həzm etməyənlər mövcud ola bilər. Hər halda, hesab etmirəm ki, Azərbaycan Abdullahianın SEPAH əməkdaşı olmasından narahatlıq keçirir. Çünki onsuz da bunlar kəşfiyyata da bəllidir, siyasi çevrələrə də”.

Turan Rzayev
Globalinfo.az