“Almaniya casusluq və təxribat hücumlarının hədəfindədir”.
Globalinfo.az xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Aleksandr Dobrindt deyib.
Nazirin sözlərinə görə, Almaniya və Avropada infrastruktur obyektlərinə zərər vurmaq, cəmiyyətdə parçalanma yaratmaq və dövlətə olan etimadı sarsıtmaq məqsədi daşıyan “kölgə cəbhəsi” formalaşıb:
“Berlin ölkənin müdafiə imkanlarını gücləndirmək üçün addımlar atır. Bizə hücum edən hər kəs bilməlidir: özümüzü müdafiə edəcəyik və cavab zərbəsi endirəcəyik”.
“Spiegel” nəşrinin məlumatına görə, Almaniyada cari il ərzində infrastruktur obyektlərinə qarşı 165 ehtimal olunan təxribat hadisəsi qeydə alınıb.
Almaniya Federal Cinayət Polisi İdarəsinin məlumatlarında belə halların ən çox Aşağı Saksoniya, Şimali Reyn-Vestfaliya və Bavariya əyalətlərində baş verdiyi göstərilir. Hadisələr elektrik xətlərinin və dəmir yolu infrastrukturunun zədələnməsi, eləcə də yanğın törədilməsi halları ilə bağlıdır.
Safura Bənnayeva
Globalinfo.az