“Ukrayna mövcud cəbhə xətti boyunca atəşkəsə razıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O, bu qərarı Ukrayna üçün “çox böyük kompromis” kimi qiymətləndirib. Zelenski eyni zamanda ABŞ Prezidenti Donald Trampın müharibənin başa çatdırılması üçün ədalətli həll yolu tapa biləcəyinə ümid etdiyini deyib. Onun fikrincə, bu prosesdə bütün məsuliyyət Ukraynanın üzərinə qoyulmamalıdır:
“Biz olduğumuz yerdə qalmağa və dayanmağa hazırıq. Söhbət təmas xətti boyunca atəşkəsdən gedir. Bu, kompromisdirmi? Əlbəttə, çox böyük kompromisdir. Başa düşürük ki, o (Rusiya Prezidenti Vladimir Putin – red.) torpaqlarımızı tərk etmək istəmir. Buna görə də təklif edirik: elə olduğumuz yerdə dayanaq və diplomatik prosesə keçək”.
ABŞ-ın münaqişənin həllindəki roluna da toxunan Ukrayna lideri qeyd edib ki, Trampın diplomatik səyləri davam etdirmək üçün kifayət qədər konstitusiya səlahiyyəti var:
“Ümid edirəm ki, o, müharibəni başa çatdırmağın yollarını axtarmağa davam edəcək. Lakin bunun bütün yükü Ukraynanın üzərinə düşməməlidir, çünki bu, ədalətli deyil”.
Safura Bənnayeva
Globalinfo.az