WhatsApp Image 2026 03 28 at 02.58.54

Türkiyədə noyabrın 29-u üçün təhlükəli hava şəraiti ilə bağlı genişmiqyaslı xəbərdarlıq elan edilib. Ölkənin 39 vilayətində sarı kod tətbiq olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Meteorologiya Baş İdarəsi açıqlama yayıb.

Proqnoza görə, ölkənin əksər bölgələrində yağıntılı və küləkli hava müşahidə olunacaq. İstanbul və İzmir də daxil olmaqla, 39 vilayətdə əlverişsiz meteoroloji şərait gözlənilir.

Mərmərə, Şərqi Aralıq dənizi və Qara dəniz sahillərində, Şərqi və Cənub-Şərqi Anadolu bölgələrində, həmçinin İzmir, Aydın və Muğlanın sahilyanı ərazilərində yağış yağacağı bildirilir.

Cənub-Şərqi Anadolu ilə yanaşı, bəzi digər ərazilərdə intensiv leysan proqnozlaşdırılır. Şərqi Qara dənizin daxili hissələrində, Şərqi Anadolunun şərqində və Kırklarelidə isə axşam saatlarından başlayaraq sulu qar və qar yağacağı gözlənilir.

Sinoptiklər Mərmərə, Şimali Egey və Qərbi Qara dənizin sahil zolağında küləyin sürətinin saatda 70-90 kilometrə çatacağını, bəzi ərazilərdə isə fırtınanın güclənəcəyini bildiriblər. Hatay ətrafında da küləyin 60-80 kilometr/saat sürətlə əsəcəyi ehtimal olunur.

Havanın temperaturunun ölkənin şimal və şərq hissələrində 3-5 dərəcə azalacağı proqnozlaşdırılır.

Meteorologiya Baş İdarəsi əhaliyə müraciət edərək leysan və fırtınanın yarada biləcəyi sel, subasma, ağacların aşması, dam örtüklərinin uçması və nəqliyyatın hərəkətində problemlər kimi təhlükələrə qarşı diqqətli olmağa çağırıb.

Sarı kodlu xəbərdarlıq elan edilən 39 vilayət:

Adana, Adıyaman, Ağrı, Balıkəsir, Biləcik, Bingöl, Bitlis, Bursa, Çanaqqala, Diyarbəkir, Ədirnə, Elazığ, Ərzurum, Qaziantep, Hakkari, Hatay, İstanbul, İzmir, Kastamonu, Kırklareli, Kocaeli, Kütahya, Malatya, Manisa, Kahramanmaraş, Mardin, Muş, Sakarya, Samsun, Siirt, Sinop, Tekirdağ, Şanlıurfa, Van, Batman, Şırnak, Yalova, Kilis və Osmaniyə.

Digər tərəfdən;

Rusiyada, xüsusilə Moskva ətrafında da soyuq və buludlu hava, səhər saatlarında isə qar yağacağı gözlənilir. Paytaxtda havanın temperaturu gündüz -4, gecə isə -7 dərəcəyədək enəcək.

Gürcüstanda isə;

Nisbətən mülayim hava şəraiti hökm sürəcək. Tbilisidə temperaturun 5-10 dərəcə arasında dəyişəcəyi, günün ikinci yarısında buludluluğun artacağı proqnozlaşdırılır.

Azərbaycanda da gələn həftənin ilk günlərində hava şəraitinin dəyişəcəyi gözlənilir.

Belə ki, Bakıda və Abşeron yarımadasında noyabrın 30-dan dekabrın 2-si gündüzədək arabir yağış yağacağı proqnozlaşdırılır. Gəncə, Şəki, Şamaxı və Lənkəran istiqamətində də yağıntılı hava gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Bəzi bölgələrdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dağ çaylarında sululuğun artacağı və qısamüddətli sel hadisələrinin baş verə biləcəyi bildirilir. Dekabrın ilk günlərində temperaturun da aşağı düşəcəyi gözlənilir.

Safura Bənnayeva
Globlinfo.az 

Paylaş: