9f350b25894b0025b1fcdff2a846773a

ABŞ-ın paytaxtı Vaşinqtonda güclü yağışların yaratdığı daşqınlar Şərqi Potomak Parkında yerləşən qolf meydançasına ciddi ziyan vurub. Donald Tramp meydançanın faktiki olaraq dağıldığını bildirib.

Globalinfo.az xəbər verir ki, ABŞ Prezidenti bu barədə “Truth Social” hesabında paylaşım edib.

Trampın sözlərinə görə, yenidən qurulmasına ehtiyac olduğunu düşündüyü qolf meydançası Potomak çayının daşması nəticəsində su altında qalıb və yararsız hala düşüb.

O, paylaşımında meydançanın hazırda təhlükəli olduğunu və Daxili İşlər Nazirliyi tərəfindən bağlandığını qeyd edib. ABŞ lideri həmçinin layihənin həyata keçirilməsinə mane olduğunu iddia etdiyi hakimdən yenidənqurma işlərinə dərhal icazə verməsini istəyib.

Qeyd edək ki, hakim əvvəllər Tramp administrasiyasının təmir işləri ilə əlaqədar parkın ictimaiyyət üçün müvəqqəti bağlanması qərarının icrasını dayandırmışdı.

Tramp qolf meydançasının daşqınlardan qorunması üçün bəndin hündürlüyünün artırılması da daxil olmaqla, genişmiqyaslı yenidənqurmaya ehtiyac olduğunu bildirir. Layihənin ümumi dəyəri 49 milyon dollar qiymətləndirilir.

Xatırladaq ki, 2026-cı il noyabrın 26-da ABŞ-da qeyd olunan Şükranlıq Günü ərəfəsində ölkənin şərq bölgələrində güclü yağış və külək müşahidə olunub. Küləyin sürəti saniyədə 29 metrə çatıb.

Fırtına nəticəsində təxminən 840 min abonent elektrik enerjisiz qalıb. Hava şəraitinin yaxşılaşmasına baxmayaraq, 189 min ev təsərrüfatında elektrik təchizatı hələ də bərpa olunmayıb. Əlverişsiz hava şəraiti səbəbindən Nyu-York rəsmiləri ənənəvi Macy’s Şükranlıq Günü Paradını cümə axşamından şənbə gününə keçirmək qərarına gəliblər.

Əliyar Xəlil, 

Globalinfo.az

Paylaş: