“Sabah” – “Barselona” oyununda ölən rusiyalı azarkeşlə bağlı yeni detallar bəlli olub.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, 39 yaşlı rusiyalı azarkeş Anton Aleksandroviç Petrişşev UEFA Çempionlar Liqasının (ÇL) sözügedən oyununu izləmək üçün Azərbaycana səfər edib.
“Matç zamanı halı pisləşən azarkeş huşunu itirərək tribunada yıxılıb. Ətrafdakıların çağırışı ilə həkimlər gəlsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimallara görə, ölümə ürək çatışmazlığı səbəb olub. Ölən şəxs əslən Krasnoyarsk diyarının İqarka şəhərindən olsa da, son bir neçə ili Moskvada yaşayıb.
O, layihələndirmə və tikinti şirkətinin baş direktoru vəzifəsində çalışıb, həmçinin daşınmaz əmlakın icarəsi ilə məşğul olub. İki uşaq atası olan Anton tez-tez Maldiv adalarında dincəlirmiş. O, əsasən “Lokomotiv Moskva” klubuna azarkeşlik edib. Ölümündən bir neçə gün əvvəl, yəni noyabrın 23-də Petrişşev 39 yaşını qeyd edib”, – deyə materialda bildirilib.
***09:48
Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən “Sabah” – “Barselona” qarşılaşmasını izləmək üçün Rusiyadan Azərbaycana gələn azarkeş stadionda vəfat edib.
Globalinfo.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə oyunun ikinci hissəsində Bakı Olimpiya Stadionunda qeydə alınıb.
Qarşılaşmanı tribunadan izləyən Rusiyanın Krasnoyarsk diyarından Bakıya gəlmiş 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişşevin qəfil halı pisləşib. O, stadionda dünyasını dəyişib.
Mərhumun meyiti müayinə üçün morqa təhvil verilib.
İlkin ehtimala görə, azarkeşin ölümünə ürək tutması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.