qht 0

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələri elan edib.

Globalinfo.az xəbər verir ki, layihə təkliflərinin qəbuluna noyabrın 20-də başlanılır. Müraciət üçün son tarix dekabrın 20-sidir.

    Kiçik qrant müsabiqəsi üzrə maliyyələşmənin yuxarı həddi 30 min manat, layihələrin icra müddəti isə 6 ayadək müəyyən edilib.

    Böyük qrant müsabiqəsi üzrə maksimum məbləğ 70 min manat, icra müddəti isə 9 ayadəkdir.

    Müsabiqələr beş əsas istiqaməti əhatə edir: azərbaycançılıq ideologiyasının təşviqi, QHT-lərin sosial media və süni intellekt bacarıqlarının inkişafı, regionlarda aqrar təşəbbüslər, ailə institutunun möhkəmləndirilməsi və beynəlxalq əhəmiyyətli layihələr.

    Beynəlxalq təşəbbüslər istiqamətində yerli və xarici QHT-lərin koalisiya şəklində iştirakı da mümkündür. Bu halda əsas icraçı Azərbaycanda dövlət qeydiyyatına alınmış QHT olmalıdır.

    Müsabiqəyə təqdim edilən layihələr innovativlik, məqsədlərin aydınlığı, büdcənin əsaslandırılması, davamlılıq, tərəfdaşlarla əməkdaşlıq və gözlənilən nəticələr daxil olmaqla, müxtəlif meyarlar əsasında 100 ballıq sistemlə qiymətləndiriləcək.

    Kiçik qrant müsabiqəsində iştirak edən QHT-lər son üç ildə fəaliyyətləri barədə mediada yayımlanmış azı 10, böyük qrant müsabiqəsinə müraciət edənlər isə son beş ildə yayımlanmış azı 30 fərqli məzmunlu materialı təsdiqləyən sənədlər təqdim etməlidirlər.

    Müraciətlər yalnız Agentliyin elektron xidmətlər portalının “e-ərizə” bölməsi vasitəsilə qəbul ediləcək. Şəxsən, poçtla və elektron poçtla göndərilən sənədlərə baxılmayacaq.

    Müsabiqələrin nəticələrinin 2027-ci ilin birinci rübündə açıqlanması nəzərdə tutulur.

    qh 00

    Paylaş: