
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə aparılması mümkün olan sülh danışıqlarında ərazi güzəştlərinə getmək məsələsinə münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Ukrayna ərazilərindən imtina etmək niyyətində olsaydı, bunu hələ 2022-ci ildə edə bilərdi. Lakin ölkə həmin vaxtdan öz torpaqlarını, ailələrini, müstəqilliyini və azadlığını qorumaq əzmini nümayiş etdirib:
“Əgər torpaqlarımızı təcavüzkara vermək istəsəydik, bunu hələ 2022-ci ildə edə bilərdik. Lakin biz sübut etdik ki, ölkəmiz öz evlərini, torpaqlarını, ailələrini və ən əsası, müstəqilliyini və azadlığını müdafiə etməyə qətiyyətlə hazırdır”.
O, müharibənin davam etdiyi müddətdə Kiyevin bu mövqeyindən geri çəkilmədiyini də qeyd edib. Zelenski qarşıdakı dövrün, xüsusilə qış mövsümünün ölkə üçün ciddi sınaq ola biləcəyini vurğulayıb:
“Bəli, çətin olacaq, çox çətin. Ola bilsin ki, bu, ən ağır qışımız olsun. Lakin biz prinsiplərimizə sadiq qalırıq”.
Ukrayna lideri həmçinin ərazi məsələsinin gələcək sülh sazişində adi texniki detal kimi qiymətləndirilməsinin düzgün olmadığını bildirib.
Safura Bənnayeva
Globalinfo.az