1036879 res 0 a259bbba3293e0f9

Türkiyənin pilotsuz uçuş aparatları istehsal edən “Baykar” şirkəti ilk üç “Bayraktar Kızılelma” pilotsuz qırıcı təyyarəsini ölkənin silahlı qüvvələrinə təhvil verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Şirkətin sosial şəbəkəsində yaydığı açıqlamada “Kızılelma”nın dünyada silahlanmaya qəbul edilən ilk pilotsuz döyüş təyyarəsi olduğu bildirilib.

“Bu gün 20 il əvvəl gerçəkləşdirməyə başladığımız arzunu xalqımıza təqdim edirik”, – deyə şirkətin açıqlamasında qeyd olunub.

“Baykar”ın öz vəsaiti hesabına hazırladığı “Kızılelma” hava döyüşləri aparmaq, eləcə də yerüstü və dəniz hədəflərini vurmaq üçün nəzərdə tutulub. Təyyarənin uzunluğu 14,5 metr, qanadlarının açıqlığı 10 metr, maksimal uçuş çəkisi isə 8,5 tondur.

Şirkətin məlumatına görə, pilotsuz qırıcının maksimal sürəti səs sürətinin 90 faizinə (0,9 Max) çatır, havada qalma müddəti isə 3 saatdan çoxdur.

“Baykar” layihəni 2021-ci ildə təqdim edib, bir il sonra isə “Kızılelma”nın prototipini Samsunda keçirilən TEKNOFEST festivalında nümayiş etdirib. Təyyarə ilk uçuşunu 14 dekabr 2022-ci ildə həyata keçirib və 18 dəqiqə havada qalıb.

2023-cü ilin aprelində “Kızılelma” Çorluda keçirilən sınaqlar zamanı “Baykar”ın “Akıncı” pilotsuz uçuş aparatı ilə sıx formasiya şəklində uçuş həyata keçirib.

Şirkətin məlumatına əsasən, 29 noyabr 2025-ci ildə isə Qara dənizin Sinop sahillərində keçirilən sınaqlar zamanı Türkiyənin “Gökdoğan” hava raketi ilə reaktiv hava hədəfini məhv edib.

“Baykar”ın İdarə Heyətinin sədri Səlcuq Bayraktar bildirib ki, dünyada ilk dəfə pilotsuz döyüş təyyarəsi silahlı qüvvələrin tərkibinə daxil edilir.

“Vətənimizin hər qarışını və hava məkanını qorumaq üçün üç “Kızılelma” təyyarəmizi təhlükəsizlik qüvvələrinə təhvil verməkdən qürur duyuruq”, – deyə o vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: