WhatsApp Image 2026 11 19 at 22.07.40

Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçirilən ilk rəsmi futbol oyunu barədə təəssüratlarını bölüşüb.

Globalinfo.Az Oxu.Az-a istinadən xəbər verir ki, o “Xankəndi” və “Karvan-Yevlax” komandaları arasında baş tutan oyunu izləməkdən xüsusi qürur duyduğunu bildirib:

“İlk növbədə, bu gün burada olmaq və Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun antiterror əməliyyatından sonra işğaldan azad edilmiş Xankəndidə, yenidən qurulmuş şəhər stadionunda Azərbaycan çempionatının oyununu izləmək əvəzolunmaz hisslərdir. Stadionun müasir standartlara uyğunlaşdırılması və burada yaradılan şərait təqdirəlayiqdir. Bu əməyə görə, xüsusilə, nazir Fərid Qayıbovun simasında Gənclər və İdman Nazirliyinə təşəkkür düşür. Bu gün təkcə futbol oyunu izləmədik, həm də Azərbaycan futbolunun ölkəmizin hər bir bölgəsində təbliği və inkişafı baxımından əlamətdar hadisənin şahidi olduq.

Xankəndidə çempionat matçını izləmək mənim üçün xüsusi hisslər doğurur. Son illərdə Birinci Liqanın səviyyəsinin yüksəlməsi göz qabağındadır. Hazırda burada maraqlı rəqabət var və çempionluq uğrunda bir neçə komanda mübarizə aparır.

Ümumilikdə, məqsədimiz futbolun yalnız paytaxtda deyil, ölkəmizin bütün bölgələrində inkişafına və futbol coğrafiyasının genişlənməsinə şərait yaratmaqdır. Bildiyiniz kimi, stadion UEFA-nın III kateqoriyasına aiddir. Burada nəinki Premyer Liqa, hətta beynəlxalq oyunları da keçirmək mümkündür. İnanıram ki, bu arena gələcəkdə də maraqlı qarşılaşmalara ev sahibliyi edəcək və Xankəndidə futbol ənənələrinin bərpasına mühüm töhfə verəcək”.

Qeyd edək ki, Xankəndi şəhər stadionunda əsaslı yenidənqurmadan sonra keçirilən ilk rəsmi futbol oyunu “Karvan-Yevlax”ın 0:2 hesablı qələbəsi ilə başa çatıb.

Paylaş: