Rusiya Prezidenti Vladimir Putin Moskvanın Ukrayna ilə müharibəni davam etdirmək niyyətində olmadığını bildirib. Bununla belə, o, münaqişənin dayandırılması üçün Kiyevin mövqeyinin də həlledici olduğunu vurğulayıb.
Globalinfo.az xəbər verir ki, Putin jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, Ukraynada və digər münaqişə ocaqlarında vəziyyətin nizamlanması ilə bağlı danışıqlarda yaranmış reallıqlar nəzərə alınmalıdır.
Rusiya lideri Ukraynanın Donetsk vilayətində nəzarətində qalan əraziləri bir müddət də saxlamaq istəyini mənasız saydığını bildirib.
“Ukrayna deyir ki, Donetsk vilayətinin nəzarətində qalan 10 faiz ərazisini hələ bir müddət saxlaya biləcək. Amma əgər onlar gələcəkdə həmin əraziləri əldə saxlaya bilməyəcəklərsə, onda bu 10 faizi qorumağa çalışmağın nə mənası var? Məncə, bu, tamamilə haqlı sualdır”, – deyə Putin vurğulayıb.
O, həmçinin Moskvanın silahlı münaqişəni davam etdirmək istəmədiyini, lakin vəziyyətin bundan sonrakı inkişafının Ukrayna tərəfinin mövqeyindən də asılı olduğunu qeyd edib.
Əliyar Xəlil