prezident eliyev saat

Azərbaycanla Vyetnam arasında münasibətlər son illərdə yeni mərhələyə qədəm qoyaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Tarixi dostluq və qarşılıqlı siyasi etimada əsaslanan əlaqələr artıq təkcə diplomatik müstəvidə deyil, iqtisadiyyat, energetika, nəqliyyat, müdafiə sənayesi, təhsil və digər sahələrdə də genişlənir.

Hazırda Prezident İlham Əliyevin Vyetnama səfərinin gözlənilməsi iki ölkə arasında əlaqələrin yüksək səviyyədə davam etdirilməsi baxımından diqqət çəkir. Tərəflər qarşılıqlı ticarətin artırılması, investisiyaların təşviqi, enerji və nəqliyyat əlaqələrinin genişləndirilməsi kimi məsələlərdə maraqlı olduqlarını nümayiş etdirirlər.

Bəs Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı gələcəkdə hansı yeni imkanlar və iqtisadi dividendlər vəd edir? İlham Əliyevin gözlənilən səfəri bu əməkdaşlığın inkişafına hansı töhfəni verə bilər?

Globalinfo.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib ki, Azərbaycanın xarici strategiyası əməkdaşlıqla bağlıdır:

“Vyetnamla strateji tərəfdaşlıq münasibətlərinin qurulması onu göstərir ki, Azərbaycan öz əməkdaşlıq coğrafiyasını ciddi şəkildə genişləndirir. Prezidentin Vyetnama səfəri əməkdaşlığı daha da gücləndirəcək. Tarixdən bilirik ki, Azərbaycan Vyetnamın ən ağır günlərində ona dəstək olub. Azərbaycanda Vyetnamdan olan minlərlə tələbə təhsil alıb. Vyetnamın enerji sistemində Azərbaycanla əməkdaşlıq çoxşaxəli sistem formalaşdırıb”.

Deputat münasibətlərin bundan sonra da möhkəm olacağına şübhə etmədiyini bildirib:

“Eyni zamanda, ümidvarıq ki, Azərbaycanın Böyük Qayıdış layihəsində Vyetnam da iştirak edəcək. Bu gün bu səfəri yüksək qiymətləndiririk. Münasibətlərimiz siyasi, iqtisadi və humanitar sahələri əhatə etdiyinə görə bu strateji tərəfdaşlığın böyük potensialı var”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: