“Kiminsə müxalifət nümayəndəsi olması onu hüquqi məsuliyyətdən azad etmir”.
Globalinfo.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Bakıda almaniyalı həmkarı Yohann Vadefulla birgə keçirdiyi mətbuat konfransında “Politiko” informasiya bülleteninin jurnalisti Hans fon der Burxardın AXCP sədri Əli Kərimli ilə bağlı ünvanladığı sualı cavablandırarkən deyib.
Nazir vurğulayıb ki, bütün vətəndaşlar qanun qarşısında bərabərdir.
“Hazırda onunla bağlı istintaq gedir, araşdırmalar aparılır. Hər bir hüquqi dövlətdə olduğu kimi, şəxslər öz əməllərinə görə qanun qarşısında cavab verməlidirlər. Hesab edirəm ki, məhkəmənin yekun qərarı bütün suallara aydınlıq gətirəcək”, – nazir bildirib.
Qeyd edək ki, Əli Kərimli 2025-ci il noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Onun həbsi Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində aparılan cinayət işi ilə əlaqəlidir. İstintaq çərçivəsində Kərimlinin Mehdiyevlə mümkün əlaqələri və hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş planlarda iştirakı araşdırılır.
Zaira Akifqızı
Globalinfo.az
