“Qlobal iqtisadiyyatda, o cümlədən onun mühüm seqmenti olan kənd təsərrüfatında köklü dəyişikliklər müşahidə olunur. İqlim dəyişikliyi, su qıtlığı, torpaqların eroziyası və ərzaq təhlükəsizliyi ilə bağlı artan risklər ənənəvi əkinçilik və heyvandarlıq modellərinin artıq özünü doğrultmadığını bir daha sübut edir”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Əlibala Məhərrəmzadə deyib.
Deputat bildirib ki, Azərbaycanda strateji ərzaq məhsulu hesab edilən kartof toxumu tamamilə yox səviyyəsindədir:
“Sənaye və elmi əsaslarla qurulmuş sertifikatlaşdırılmış toxumçuluq sistemi hələ də formalaşmayıb. Ölkənin illik kartof toxumuna olan ümumi tələbatı təxminən 200 min ton təşkil edir. Fermerlərin 80 faizdən çoxu öz məhsullarından ayırdıqları, keyfiyyət göstəriciləri aşağı düşmüş toxumluq kartofdan istifadə edirlər. Bu isə həm məhsuldarlıq, həm də birbaşa ondan asılı olan rentabellik baxımından ciddi itkilərə səbəb olur.
Ölkədə, xüsusilə heyvandarlıq sahəsində intensiv üsulların tətbiqi nisbətən ləng gedir. Seleksiya yolu ilə yaradılmış məhsuldar bitki sortlarının və cinslərinin sayı artırılmalıdır. Ümumilikdə, aqrar sektorda intensiv üsula keçid daha az ərazi və resurs sərf etməklə daha yüksək nəticə əldə etmək deməkdir. Bu isə xüsusilə Azərbaycan üçün aktualdır.

Əlibala Məhərrəmzadə
Aqrodronlar, peyk izləmə sistemləri və avtomatlaşdırılmış texnikalar kimi yüksək texnologiyaların tətbiqi sayəsində sahələrdə xəstəlikləri vaxtında aşkar etmək mümkündür. Bu yanaşma istehsalın maya dəyərinə təsir edən amilləri də minimuma endirə bilər.
Bundan başqa, intensiv üsul çərçivəsində düzgün aqrotexniki qulluq torpağın münbitliyini qoruyur. Ekstensiv üsulla müqayisədə təbiətə və ətraf mühitə daha az zərər vurulur.
Bir tərəfdən subsidiyalar tətbiq olunur, digər tərəfdən isə kənd təsərrüfatının bəzi sahələri üzrə vergi güzəştlərinin 100 faizdən 90 faizə endirilməsi məsələsi gündəmdədir”.
Safura Bənnayeva
Globalinfo.az