Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbərinin aparatının keçmiş rəhbəri Manfred D.-nin 10 ildən artıq müddətdə qurumun Berlindəki baş qərargahından məxfi sənədləri xidməti avtomobillərdən və rəhbərliyin şəxsi mühafizəçilərinin köməyindən istifadə etməklə çıxardığı ehtimal olunur.

Globalinfo.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə “Süddeutsche Zeitung” nəşrinin NDR və WDR teleradio şirkətləri ilə birgə apardığı araşdırmada məlumat verilib.

Hüquq-mühafizə orqanlarındakı mənbələrin məlumatına görə, 64 yaşlı Manfred D. BND-nin dörd rəhbərinin şəxsi köməkçisi vəzifəsində çalışıb və dövlət sirri təşkil edən məlumatlara çıxış üçün ən yüksək səviyyəli icazəyə malik olub. O, standart yoxlamalardan yayınmasına imkan verən xidməti imtiyazlardan istifadə edib.

Belə ki, Manfred D. qurumun ərazisini rəhbərliyə məxsus xidməti avtomobillərlə tərk edirmiş. Həmin avtomobillər çıxış zamanı, demək olar ki, yoxlanılmırmış.

Bundan başqa, o, çap olunmuş sənədləri və elektron məlumat daşıyıcılarını binadan çıxarmaq üçün məxfi materialların saxlanıldığı çantaları kəşfiyyat rəhbərinin mühafizəçilərinə verirmiş. Rəhbərliyin şəxsi mühafizəçiləri isə, bir qayda olaraq, buraxılış məntəqəsində yoxlamadan keçmirmişlər.

Manfred D. aparat rəhbəri vəzifəsində çalışdığı müddətdə rəhbərliyin elektron poçtuna və iş təqvimlərinə çıxış imkanına malik olub. O, həmçinin danışıqlara hazırlıq məqsədilə dosyelər tərtib etmək üçün tam məxfi materialları çap etmək səlahiyyətinə sahib olub.

Oktyabrın 6-da Almaniya Federal Baş Prokurorluğu 1998-2005-ci illərdə BND-yə rəhbərlik etmiş Avqust Hanninqin və onun aparatının keçmiş rəhbəri Manfred D.-nin saxlanıldığını açıqlayıb.

İstintaqın versiyasına görə, şübhəlilər 2010-cu ildə razılığa gəliblər. Həmin razılaşmaya əsasən, Manfred D. pul müqabilində Hanninqə mütəmadi olaraq məxfi məlumatlar ötürməyi öhdəsinə götürüb.

İddialara görə, keçmiş kəşfiyyat rəhbəri əldə etdiyi məlumatlardan özəl konsaltinq fəaliyyətində istifadə edib.

Federal Baş Prokurorluğun məlumatına əsasən, dövlət sirri təşkil edən məlumatlardan xarici xüsusi xidmət orqanının əməkdaşının maraqları naminə analitik hesabat hazırlanarkən istifadə olunduğu ən azı bir hal müəyyən edilib.

Hanninq dövlət sirrini yaymaqda, dövlətə xəyanətdə və xarici dövlətin xeyrinə casusluqda şübhəli bilinir. Manfred D. isə ona bu əməllərdə kömək etməkdə ittiham olunur.

Paylaş: