“Yeni artım drayverlərinə keçidimiz qaçılmazdır. Dövlət xərclərinin optimallaşdırılması şəraitində növbəti dövrlərdə iqtisadi artım özəl sektora və özəl investisiyalara söykənəcək. Bu kontekstdə dövlətin iqtisadiyyatdakı rolu birbaşa investor funksiyasından əlverişli şərait yaradan və riskləri bölüşən tərəfdaş funksiyasına keçəcək”.
Globalinfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Bu keçidin ilk nəticələri artıq müşahidə olunur. Cari ilin ilk 10 ayında qeyri-neft-qaz sektoruna özəl investisiyalar 18% artıb. Bu meylin davamlı olması üçün iqtisadi artımın yeni mənbələrinin işə salınması tələb olunur. Bu baxımdan iki amili qeyd etmək istərdim.
Birinci amil daxili tələbin struktur transformasiyasıdır. Dövlət hər il əhəmiyyətli həcmdə mal və xidmətlər satın alır və bu alışların bir hissəsi daxili bazar hesabına təmin olunur. Yerli istehsalı mövcud olan və ya yaradıla bilən məhsullar üzrə dövlət satınalmalarının yerli istehsala yönəldilməsi mühüm əhəmiyyət kəsb edir. Rəqəmsal həllər bu baxımdan vacib istiqamətlərdir. Bu sahələr üzrə satınalmalar yerli istehsalçılar üçün sabit bazar formalaşdırmağa başlayıb. Bu istiqamətdə müvafiq tədbirlər görülür. Dövlət sifarişlərinin mövcud yerli istehsala yönəldilməsi, perspektivdə isə iri dövlət satınalmalarının müəyyən hissəsinin ölkə daxilində istehsalın lokallaşdırılması mexanizmi əsasında həyata keçirilməsi istiqamətində işlər aparılır”, – deyə nazir qeyd edib.
M.Cabbarov bildirib ki, ikinci amil ixracyönümlü iqtisadi artımın sürətləndirilməsidir:
“Daxili bazarın həcmi nəzərə alınmaqla, ixracyönümlü inkişafın sürətləndirilməsi strateji vəzifədir. Əmtəə ixracı subsidiyalar və digər dəstək alətləri vasitəsilə artıq fəal şəkildə təşviq edilir. Bu sahədə əsas prioritet yeni resurslara əsaslanan sənaye sahələridir: metallurgiya, kimya, əczaçılıq, qida, pambıq və toxuculuq sənayesi. Təsadüfi deyil ki, 2026-cı ildə qəbul edilən üç dövlət proqramında kənd təsərrüfatı, turizm, qida və metallurgiya sahələri də daxil olmaqla, bir sıra istiqamətlər əhatə olunur.
Bununla yanaşı, xidmətlər ixracı da böyük potensiala malikdir. Beynəlxalq təşkilatların hesablamalarına görə, yuxarı orta gəlirli ölkələrlə müqayisədə xidmətlər ixracının ÜDM-ə nisbətini artırmaq imkanları böyükdür. Söhbət nəqliyyat və logistika, maliyyə xidmətləri, turizm, işgüzar xidmətlər, informasiya texnologiyaları və data mərkəzlərindən gedir. Xidmətlər ixracının genişləndirilməsi məqsədilə beynəlxalq təşkilatlarla birgə diaqnostika aparılır. Bu istiqamət aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən sahə siyasətləri ilə sıx əlaqəlidir”.
Safura Bənnayeva
Globalinfo.az