Fransa iğtişaşlar və polisə hücumlar fonunda noyabrın 27-dək fişənglərin və pirotexniki vasitələrin satışını qadağan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə noyabrın 15-də rəsmi dövlət bülletenində dərc olunan fərmanda bildirilib.
Qadağa indiyədək yetkinlik yaşına çatmış şəxslərə sərbəst şəkildə satılan F2 və F3 kateqoriyalı pirotexniki vasitələrə şamil olunur.
F4 kateqoriyalı məmulatlar isə yalnız peşəkar pirotexniklər üçün əlçatan olaraq qalır. Bu vasitələri əvvəllər də yalnız xüsusi icazə əsasında ixtisaslaşmış mağazalardan almaq mümkün idi, lakin onların küçələrdə istifadəsinə icazə verilmirdi.
Fərmanda qeyd olunur: “Bu vasitələr artıq bayram əyləncəsi üçün istifadə olunmur, onlarla insanlara xəsarət yetirilir”.
Hökumət nümayəndəsi bildirib ki, Fransada nümayiş keçirmək hüququ təmin olunur, lakin xəsarət yetirmək hüququ mövcud deyil. Onun sözlərinə görə, etirazçılar pirotexniki vasitələrdən faktiki olaraq polis və jandarmlara qarşı silah kimi istifadə edirlər.
Bununla yanaşı, həmin vasitələrdən lisey əməkdaşları və hətta şagirdlər də zərər çəkiblər. Belə ki, noyabrın əvvəlində Val-d’Uaz departamentində bir müəllimə, tərbiyə işləri üzrə köməkçi, lisey direktoru və daha bir əməkdaş xəsarət alıb.
Qeyd edək ki, Fransada sonuncu etiraz aksiyası bir gün əvvəl keçirilib. 106 min nəfərin iştirak etdiyi aksiyada əsas diqqət yaşayış xərclərinin artmasına yönəlib. Aksiya zamanı ən azı 219 nəfər saxlanılıb.
Əliyar Xəlil
Globalinfo.az