Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Rusiyanın xarici işlər naziri Sergey Lavrovla 2017-ci ildə Moskvada keçirdiyi görüşlə bağlı maraqlı açıqlama verib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “Tres Respuestas” podkastında danışıb.
Keçmiş baş nazirin sözlərinə görə, 2017-ci ildə Böyük Britaniyanın xarici işlər naziri vəzifəsində çalışarkən Rusiya ilə münasibətlərdə yeni səhifə açmağa çalışıb.
Bu məqsədlə Moskvaya gedərək Prezident Vladimir Putinlə görüşmək istəyib, amma o, görüşdən imtina edib.
Conson həmin zamanı belə xatırlayıb:
“Rusiya ilə münasibətlərimizi yenidən qurmağa çalışdım, lakin bu, fəlakətlə nəticələndi. 2017-ci ildə Böyük Britaniyanın xarici işlər naziri olarkən Putinlə görüşmək üçün Moskvaya getdim. O, mənimlə görüşməkdən imtina etdi və Lavrovla görüşdüm. O, məni çox isti kaminin qarşısında oturaraq həddindən artıq çox araq içməyə məcbur etdi. Bu, sözün əsl mənasında, Viktoriya dövrünün ingilis məktəblərində tətbiq olunan cəza üsuluna bənzəyirdi. Dəhşətli idi. Üstəlik, heç bir nəticə əldə edə bilmədik”.
Conson əlavə edib ki, Rusiyaya münasibətdə diplomatik yaxınlaşma cəhdi uğursuz olub. O, sonrakı dövrdə də Rusiyanın Böyük Britaniyada baş verən hadisələrlə bağlı mövqeyini sərt şəkildə tənqid edib və Moskva ilə münasibətlərdə güzəştə getməyin mümkün olmadığını bildirib.
Xatırladaq ki, Consonun Lavrovla görüş zamanı kamin qarşısında oturdulması ilə bağlı iddiası ilk dəfə 2024-cü ildə gündəmə gəlmişdi. Britaniyanın keçmiş baş naziri həmin hadisəni “Unleashed” adlı memuarında da təsvir etmişdi.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə 2024-cü il oktyabrın 21-də “Arqumentı i Faktı” nəşrinə müsahibəsində Consonun iddialarını təkzib etmişdi.
Lavrovun sözlərinə görə, görüş qış fəslində keçirildiyi üçün qəbul otağındakı kamin yandırılmışdı.
O bildirmişdi ki, bu, xarici qonaqlar üçün rahat və səmimi atmosfer yaratmaq məqsədi daşıyırdı.
Lavrov həmçinin qeyd etmişdi ki, Consonla arasında təxminən iki metr məsafə olub və onun üzündə iddia etdiyi kimi tər damcıları görməyib. Rusiya XİN rəhbəri keçmiş Britaniya baş nazirinin hadisəni özünəməxsus şəkildə təqdim etdiyini vurğulamışdı.
Qeyd edək ki, Boris Consonun Moskvaya səfəri 22 dekabr 2017-ci ildə baş tutmuşdu. Bu, Böyük Britaniyanın xarici işlər nazirinin beş ildən artıq fasilədən sonra Rusiyaya ilk səfəri idi. Həmin dövrdə London və Moskva arasında münasibətlər Ukrayna böhranı, Krımın ilhaqı, Suriyadakı vəziyyət və kibertəhlükəsizlik məsələləri səbəbindən ciddi şəkildə gərginləşmişdi. Görüş zamanı tərəflər fikir ayrılıqlarını açıq şəkildə ifadə etmiş, xüsusilə Ukrayna və Rusiyanın Qərb ölkələrinə münasibətdə siyasəti ətrafında mübahisələr yaşanmışdı. Buna baxmayaraq, Conson iki ölkənin ortaq maraqlarının da olduğunu və dialoqun davam etdirilməsinin vacibliyini bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az