“Son günlər efirlərdə və sosial şəbəkələrdə məktəb dərsliklərinin vəziyyəti, ciddi məzmun qüsurları və texniki yararsızlıqlar müzakirə olunur. Valideynlər, müəllimlər və mütəxəssislər həyəcan təbili çalırlar”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnarə Akimova deyib.
O bildiirb ki, aidiyyəti qurumlar, xüsusilə Təhsil Nazirliyi səviyyəsində bu haqlı tənqidlərə adekvat reaksiya verilməli, sağlam izahat təqdim olunmalı və ya məsələnin həllinə yönəlmiş konkret mövqe ortaya qoyulmalıdır:
“Dərsliklərin hazırlanması, nəşri və təkmilləşdirilməsi üçün hər il dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Suveren dövlətimizin milli-mənəvi dəyərlərinin keşiyində duran, uşaqlarımıza düzgün tarixi, milli kimliyi və ana dilini aşılayan dərsliklər sabahımızın strateji təhlükəsizliyidir.
Prezident bunu Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı nitqində də səsləndirib. Eyni fikirlər 7-ci Ümumdünya Qlobal Forumunda da ifadə olunub. Əgər biz ilk növbədə sağlam bir nəsil yetişdirmək istəyiriksə, buna təhsildən başlamalıyıq.
Bir yəhudi aliminə belə bir sual veriblər: “Niyə sizin aranızdan bu qədər Nobel mükafatçısı çıxır?”. O isə cavabında bildirib ki, bunun səbəbi dərsliklərimizə özümüzün ən müqəddəs dəyərlərimizi yerləşdirməyimizdir. Ona görə də düşünürəm ki, biz bu məsələdə heç bir boşluğa və gecikməyə yol verməməliyik”.
Deputat təklif edib ki, parlamentdə Elm və Təhsil Nazirliyi və müvafiq qurumlarla birlikdə mütəmadi ictimai dinləmələr keçirilsin, mövcud irad və təkliflər dinlənilsin, problemin həlli yollarını birlikdə araşdırılsın:
“Dərsliklərin hazırlanmasına və nəşrinə ayrılan büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı da komitəyə ətraflı və şəffaf hesabatlar təqdim olunsa, yaxşı olar. Nəhayət, bu istiqamətdə ekspertiza komissiyasının yaradılmasına ciddi ehtiyac var. Dərsliklərin qiymətləndirilməsi prosesində ictimaiyyətin, tanınmış alimlərin, mütəxəssislərin və ziyalıların real iştirakı təmin edilməlidir ki, məzmun keyfiyyətinə nəzarət gücləndirilsin. Bizim vəzifəmiz yalnız büdcəni rəqəmlər şəklində təsdiqləmək deyil. Həm də dövlət vəsaitinin hara və necə xərcləndiyinə, xüsusilə də uşaqlarımızın təhsil keyfiyyətinə, milli ruhuna və milli kimliyinə necə xidmət etdiyinə nəzarət etməkdir”.
Safura Bənnayeva
Globalinfo.az