“Azərbaycanda hazırda 369 akkreditasiya attestatı qüvvədədir. Bu attestatlar sınaq və kalibrləmə laboratoriyalarını, sertifikatlaşdırma qurumlarını və inspeksiya orqanlarını əhatə edir. Akkreditasiya həmin qurumların müəyyən edilmiş tələblərə uyğunluğunu və texniki səriştəliliyini təsdiqləyir”.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Akkreditasiya Mərkəzinin direktoru Emin Zeynalov media nümayəndələri üçün keçirilən təlimdə çıxışı zamanı deyib.
O bildirib ki, akkreditasiya sistemi milli keyfiyyət infrastrukturunun vacib tərkib hissəsidir və məhsul və xidmətlərin təhlükəsizliyinin, uyğunluğun qiymətləndirilməsi nəticələrinin etibarlılığının, eləcə də beynəlxalq səviyyədə tanınmasının təmin edilməsində mühüm rol oynayır.
E.Zeynalovun sözlərinə görə, Azərbaycan Akkreditasiya Mərkəzinin əsas məqsədi akkreditasiya sistemini beynəlxalq standartlara uyğun inkişaf etdirmək, uyğunluğun qiymətləndirilməsi qurumlarının səriştəliliyini təsdiqləmək və ölkədə keyfiyyət infrastrukturunu gücləndirməkdir.O qeyd edib ki, akkreditasiya attestatlarının verilməsi bazarda keyfiyyətli və təhlükəsiz məhsul və xidmətlərin təşviqinə, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına və sağlam rəqabət mühitinin formalaşmasına xidmət edir.
Mərkəzin direktoru akkreditasiya sahəsində ictimai maarifləndirmənin genişləndirilməsində medianın rolunu da xüsusi vurğulayıb.
Zaira Akifqızı
Globalinfo.az