17442750614211936640 1200x630

“Pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş 12 600 nəfərdən çox gəncin kəndlərdə yerləşən ümumtəhsil müəssisələrində işə cəlb olunması üçün yol, nəqliyyat xərcləri, ilkin yaşayış şəraitinin yaradılması, kommunal xidmətlər və yaşayış yerinin kirayə haqqı üzrə kompensasiyaların, eləcə də aylıq əməkhaqqının ödənilməsi məqsədilə 20 milyon 900 min manat nəzərdə tutulub. Pedaqoji təhsilli gənclərin kəndlərə cəlb olunması üçün təkcə təbliğat kifayət etmir, onların diqqətini cəlb edəcək güzəştlərə ciddi ehtiyac var”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov deyib.

O bildirib ki, təhsil insan həyatında bütün cəmiyyəti əhatə edən yeganə sahədir:

“Təhsil hər evdə var və hər bir ailə bu sahədə baş verənlərin şahididir. Hər il dağlıq bölgələrdə şagirdlərin sayı azalır, ailələr müxtəlif səbəblərdən kəndləri tərk edirlər. Bununla bağlı köklü qərarların qəbul edilməsinə ehtiyac var.

Həmçinin Təhsil Tələbə Krediti Fondu ehtiyacı olan hər bir tələbənin kredit almasını təmin etmək üçün müəyyən dəyişikliklər etməlidir. Ehtiyacı olan tələbə təhsil krediti əldə edə bilməlidir.

O cümlədən, pedaqoji təhsilli gənclərin rayonlara və kəndlərə göndərilməsinə mane olan səbəblər aradan qaldırılmalıdır.

Sertifikasiya prosesi müəllim nüfuzunun yüksəldilməsinə və savadlı müəllim probleminin həllinə xidmət edir. Bu istiqamətdə şəffaflığın daha da artırılmasına diqqət yetirmək lazımdır.

Hər il kifayət qədər məktəb və bağça tikilir, təmir olunur. Hesab edirəm ki, bu işlərin həcmini daha da artırmağa ehtiyac var.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: