nazir 2

“2026–2027-ci illərdə ali təhsilə qəbul 78 min nəfərə çatıb. Son 10 ildə ali təhsil müəssisələrinə tələbə qəbulu təxminən 80% artıb, dövlət sifarişi əsasında qəbul olunan tələbələrin sayı isə 2,5 dəfə yüksəlib. Təhsil Tələbə Krediti Fondu hesabına 97 min kredit rəsmiləşdirilib”.

Globalinfo.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.

O qeyd edib ki, tələbə kreditləri üçün növbəti il dövlət büdcəsində 35 milyon manat vəsait nəzərdə tutulub:

“Xaricdə təhsil proqramı Dövlət Neft Fondu hesabına maliyyələşdirilir. İndiyədək 2320 nəfər xaricdə təhsil almaq hüququ qazanıb. Bu il 496 gənc qəbul olunub. Onlardan 153-ü dünyanın nüfuzlu TOP-10 universitetinə qəbul edilib. Artıq 3 ildir ki, bu statistika təkrarlanır.

INHA, ITU, EGE, Warwick və George Washington kimi universitetlərlə 1798 tələbənin iştirakı ilə ikili diplom proqramları həyata keçirilir”.

K.Kərimzadənin sözlərinə görə, elm sahəsi üzrə dövlət büdcəsində təxminən 258 milyon manat vəsait nəzərdə tutulub:

“Bunun 81 milyon manatı Elm və Təhsil Nazirliyinə aid olan vəsaitdir. Təhsil xərclərinin böyük hissəsi, təxminən 50%-ə qədəri ümumi təhsil istiqamətinə ayrılacaq. Elm və Təhsil Nazirliyinin dövlət sifarişini nəzərə almasaq, 2027-ci ildə təxminən 3,7 milyard manat vəsait ayrılıb. Bunun da təxminən 70%-ni əməyin ödənişi xərcləri təşkil edəcək”.

Nazir müavini növbəti il üçün nəzərdə tutulan əsas maliyyə vəsaitlərini də açıqlayıb:

“Belə ki, 149 min tələbənin təhsilinin maliyyələşdirilməsi və 119 min tələbəyə təqaüd verilməsi üçün 613 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Müəllimlərin sertifikatlaşdırılması üzrə əməkhaqqı əlavələri üçün 286 milyon manat, ümumi təhsildə adambaşına maliyyələşmə modelinin tətbiqi, 100 məktəbin və təxminən 80–90 min şagirdin əhatə olunması üçün 223,8 milyon manat vəsait proqnozlaşdırılıb.

Bundan əlavə, Qarabağ Universiteti və onun klinikası üçün 51 milyon manat, peşə təhsilində adambaşına maliyyələşmə modelinin tətbiqi üçün 38,4 milyon manat, alternativ məktəbəqədər təhsil modelləri üçün 37,5 milyon manat, təhsilin informasiyalaşdırılması üçün 36,8 milyon manat, təhsil kreditləri üçün 35 milyon manat, SABAH proqramları üçün isə 22,5 milyon manat vəsait ayrılması nəzərdə tutulub”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: