images 2

“Azərbaycanda akkreditasiya dedikdə, insanların ağlına daha çox tibbi laboratoriyaların və ya təhsil müəssisələrinin akkreditasiyası gəlir. Halbuki bu, kifayət qədər geniş sahədir”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Akkreditasiya Mərkəzinin Keyfiyyət üzrə meneceri Ləman Salmanova media nümayəndələri üçün keçirilən tədbirdə deyib.

O qeyd edib ki, fəaliyyətlərinin istiqaməti barədə cəmiyyətdə məlumatlılıq hələ də azdır:

“Məhz buna görə istəyirik ki, bu sahə haqqında daha ətraflı məlumat verək və akkreditasiya anlayışı ilə yanaşı, Azərbaycan Akkreditasiya Mərkəzi də ictimaiyyətə daha yaxından tanış olsun.

Akkreditasiyanı sadə dillə belə izah edə bilərik: hər hansı bir qurumun müəyyən edilmiş tələblərə uyğun fəaliyyət göstərdiyinin təsdiq edilməsidir.

Bəs uyğunluğun qiymətləndirilməsi nədir? Bu, məhsulun, xidmətin, işin və ya hər hansı prosesin müəyyən edilmiş tələblərə uyğunluğunun yoxlanılması və təsdiq edilməsidir. Bu iki anlayış arasındakı fərqi daha asan başa düşmək üçün bir nümunəyə baxaq.

Tutaq ki, hər hansı məhsul istehsal olunur və onun müəyyən tələblərə uyğunluğu təsdiqlənməlidir. Bu işi sertifikatlaşdırma orqanı həyata keçirir. Bəs həmin sertifikatlaşdırma orqanının özünün müəyyən edilmiş tələblərə uyğun fəaliyyət göstərdiyini kim təsdiqləyir? Bunu isə akkreditasiya orqanı həyata keçirir”, – L.Salmanova qeyd edib.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: