usaq usaqpulu 100manat 900x490 1

“Məktəbəqədər təhsil sahəsində də müsbət dinamika müşahidə edilir. 2013-cü ildə əhatə göstəricisi 16% idisə, hazırda 42%-ə çatıb. Son illərdə məktəbəqədər hazırlıq qrupları və icma əsaslı qruplar kimi alternativ modellərdən istifadə olunur”.

Globalinfo.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.

Nazir müavini bildirib ki, bu ildən etibarən valideyn-dövlət-özəl tərəfdaşlığı çərçivəsində 8000 uşaq məktəbəqədər təhsilə cəlb edilib:

“Bu modelə əsasən, xidməti özəl müəssisə göstərir, dövlət isə hər bir uşaq üçün özəl məktəbəqədər təhsil müəssisəsindəki təhsil haqqının 70%-ni ödəyir. Hazırkı qiymətlərlə bu məbləğ Bakıda aylıq 300 manat, maksimum 350 manat, regionlarda isə aylıq 250 manat təşkil edir.

Növbəti il bu təşəbbüs üçün 37,5 milyon manat nəzərdə tutulub. Bununla 12 min uşağın özəl sektorun iştirakı ilə məktəbəqədər təhsilə cəlb edilməsi planlaşdırılır. 2030-cu ilə qədər hədəf 30 min uşağı əhatə etməkdir.

Maraqlı məqamlardan biri də ayrılan vəsaitlərin böyük hissəsinin dolayısı ilə yenidən dövlətə qayıtmasıdır. İslahat tam həyata keçirilərsə, 18 milyon manat Dövlət Sosial Müdafiə Fonduna, 12 milyon manat isə vergi gəlirləri şəklində Dövlət Vergi Xidmətinə daxil olacaq. Bu islahat minlərlə Azərbaycan qadınının məşğulluğa cəlb olunmasına, eyni zamanda 6000 vətəndaşımızın işlə təmin edilməsinə imkan yaradacaq. Layihənin sahibkarlığın və regionların inkişafına da böyük dəstək verəcəyini düşünürəm”

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: