“Dünən Ermənistan parlamentində gözlənilməz hadisə baş verib. Vəzifəli şəxslərin əməkhaqlarının artırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirə olunmalı olduğu iclasda hökumətin layihəni geri çağırmaq və müzakirəni iki ay təxirə salmaq qərarına gəldiyi elan olunub”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.
“Layihəni parlamentdə təqdim etmək üçün baş nazirin müavini Tiqran Xaçatryan iştirak etməli idi. Lakin son anda hökumət planlarını dəyişib və layihə müzakirədən çıxarılıb. Bu istiqamətdə narazılıqlar məhz dövlət sisteminin daxilində ciddi şəkildə artıb. Məsələ ondadır ki, layihə qısa müddətdə hazırlanıb. Onun məzmunu ilə tanış olduqdan sonra müxtəlif dövlət qurumlarının çoxsaylı əməkdaşları gözlədikləri əməkhaqqı artımının reallaşmaya biləcəyini anlayıblar. Layihəyə əsasən, əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması əsasən yüksək vəzifə tutan şəxslər, o cümlədən nazirlər üçün nəzərdə tutulurdu. Dövlət sisteminin aşağı pillələrində çalışan çoxsaylı əməkdaşlar isə maaşlarında ciddi yaxşılaşma əldə etməyəcəkdilər. Beləliklə, dövlət sistemində belə bir sual yaranıb: Niyə əməkhaqlarının artırılması adı altında daha əlverişli şərait məhz yüksək vəzifəli şəxslər üçün yaradılmalı, sistemin digər əməkdaşları isə bu prosesdən kənarda qalmalıdır?”.
Nəşrin məlumatına görə, narazılıqlar Baş nazir Nikol Paşinyana da çatıb:
“Müxtəlif dövlət qurumlarından daxil olan şikayətlərdən sonra məsələ hakimiyyət daxilində müzakirə edilib və nəticədə layihənin yenidən nəzərdən keçirilməsi bəhanəsi ilə geri çağırılması qərara alınıb. Lakin bu qərar da öz növbəsində dövlət sistemində məyusluq yaradıb. Əməkdaşların bir qismi yanvarın 1-dən etibarən müxtəlif qurumlarda maaş artımının baş verəcəyinə ümid edirdi. İndi isə layihənin iki ay təxirə salınmasını nəzərə alaraq, əməkhaqqı artımının nəzərdə tutulan müddətdə həyata keçirilib-keçirilməyəcəyi, yoxsa növbəti ilə keçiriləcəyi və ya ümumiyyətlə baş tutmayacağı ciddi sual altına düşüb”.
Əliyar Xəlil
Globalinfo.az