Globalinfo.az türkiyəli hərbi və təhlükəsizlik eksperti Abdullah Ağar ilə müsahibəni təqdim edir:
– Abdullah bəy, Azərbaycana, həmçinin redaksiyamıza xoş gəlmisiniz.
– Sağ ol, Turan. Azərbaycanda olmaqdan, həmçinin redaksiyanızda qonaq olmaqdan çox şadam.
– Bildiyimə görə, Qarabağa səfər etmisiniz. Təəssüratlarınız necədir?– Qarabağ sadəcə Azərbaycanın deyil, bütün türklərin, Azərbaycanı sevən hər kəsin qəlbindəki ən önəmli məkandır. Biz 30 ildir Azərbaycanın, Azərbaycan xalqının necə bir ağrı, əzab çəkdiyini, necə həsrət içində olduğunu çox yaxşı bilirik. Eyni zamanda, bu illər ərzində Azərbaycanın necə hazırlıq keçdiyini gördük. Söhbət təkcə hərbi hazırlıqdan deyil, millət və dövlət baxımından aparılan hazırlıqdan gedir. Çox şükür ki, 44 günlük müharibə və lokal xarakterli antiterror əməliyyatları ilə Qarabağ tamamilə əsl sahibinə qayıtdı.
Mən xüsusilə 44 günlük müharibədən sonra “Qarabağ dastanı” kitabımı yazmaq üçün Qarabağa gəldiyim zaman bu əraziləri gəzmişdim. Eyni zamanda, müvafiq qeydlər götürmüşdüm. Həmin vaxt Cəbrayıl, Qubadlı, Füzuli, Hadrut, Tuğ və Şuşada olmuşdum. Şuşada olarkən xüsusilə həsrətlə Xankəndiyə baxırdım. Hətta bu ərazilərin nə vaxt işğaldan azad ediləcəyini öz-özümə sual verirdim. Antiterror əməliyyatları ilə bu ərazilər də qısa zamanda işğaldan azad edildi.
Xüsusilə qeyd edim ki, bu əməliyyatlar hərbi baxımdan olduqca dəqiq və həssaslıqla aparıldı. Çünki bu ərazidə ciddi mülki həssaslıq vardı və yanlış bir addım atılsaydı, ermənilər bunu ciddi şəkildə istismar edə bilərdi. Azərbaycan isə bu kozırı ermənilərə vermədi və dəqiq, səhvsiz əməliyyatlar apararaq heç kəsin əlinə belə bir kozır vermədi. Bunun nəticəsində Ağdam, Xocalı, Xankəndi və Laçın Azərbaycana keçdi.
Bu, mənim ürəyimdə çox böyük bir həsrət idi. Zəfərin 6-cı ildönümündə qardaşlarımızla birlikdə olmağı çox istəyirdim. Sağ olsun dostlarımız, vəsilə oldular, qalxıb gəldik. Bakı üçün hər zaman darıxırıq, amma Qarabağ həsrəti, özləmi bizlər üçün bambaşqadır.
– Qarabağda diqqətinizi nələr çəkdi?
– Gedə bilmədiyim yerlərə – Xocalıya, Xankəndiyə, Laçına, Kəlbəcərə getdim. Təbii ki, müharibədən öncə müşahidə edib araşdırdığım bu coğrafiyada ağlasığmaz dəyişikliklərin olduğunu gördüm. Sözün əsl mənasında, çox sürətli bir dəyişiklik olub. Azərbaycan regionu qısa zamanda bərpa edib. Bu prosesin necə çətin və xərcli olduğunu yaxşı bilirəm. Məsələ təkcə ərazinin bərpasından getmir, müharibənin yaratdığı dağıntı və fəlakətin aradan qaldırılmasından gedir.
Azərbaycan əraziləri böyük əzmlə və çətinliklə bərpa edir. Lakin müşahidələrimə əsasən deyə bilərəm ki, hələ də minalı ərazilər var. Bundan başqa, hələ partladılmamış hərbi sursat qalıqları mövcuddur. Bütün bunları təmizləmək, təzyiqlərə sinə gərərək Qarabağda bərpa prosesi aparmaq təqdirəlayiqdir. Mən ciddi bir əzm gördüm. Bundan başqa, belə qısa zamanda regiona bu dərəcədə ciddi investisiya cəlb edə bilmək böyük işdir. Azərbaycan dövləti həqiqətən də möhtəşəm iş ərsəyə gətirib və proses uğurla davam edir.
Məsələ təkcə bina inşa etmək deyil, onun hər şeyini təmin etməkdir. Yolların çəkilişi, su, qaz, elektrik xətlərinin qurulması və insanlara bu xidmətləri verə bilmək çox vacibdir. Qarabağda bütün bunlar və qeyd etmədiklərim həyata keçirilib. Xüsusilə yollar və tunellər məni valeh etdi. Ömər aşırımındakı tuneli gördüm. Və deyim ki, bu, sadə bir tunel deyil, tunellər sistemidir. Bu, belə özlüyündə çox möhtəşəm işdir. Yəni bir növ Kəlbəcər ilə Gəncəni bir-birinə bağlayan, aşılmaz dağlar bu tunellərlə aşılıb. Normal şəraitdə quş uçmaz, karvan keçməz yüksək dağlarda çəkilən yollar, infrastruktur ecazkardır.
Bundan başqa, mən həm də möhtəşəm bir iradə gördüm. Açıq desəm, ermənilər ərazini dağıdıb talayıb, Azərbaycan isə quruculuq və bərpanı özünə hədəf qoyub. Məncə, bu detal belə torpaqların əslində kimə məxsus olduğunu deməyə əsas verir.
– Təşəkkür edirəm. Siz Qarabağda Azərbaycanın apardığı quruculuq işlərini sözün əsl mənasında təsvir etdiniz. Lakin təəssüf ki, bu gün həm erməni lobbisi, həm də diasporu görülən bu işləri dünya ictimaiyyətinə fərqli təqdim etməyə çalışır. Daha dəqiq desəm, iddia edirlər ki, guya Azərbaycan Qarabağda onların dediyi kimi, “erməni irsini” dağıdır. Siz Qarabağda Azərbaycanın hər hansı tarixi abidəni dağıtdığını gördünüz?
– Genosid törədənlər bu gün Azərbaycanı genosid törətməkdə günahlandırırlar. Yəni əslində özlərinin necə olduqlarını Azərbaycana aid etməklə dünyaya göstərmək istəyirlər. Mən Qarabağda tarixi-mədəni abidələrin necə qorunduğunun və bərpa edildiyinin şahidi oldum. Bəli, Azərbaycan bəzi binaları dağıdıb. Lakin bunlar deyildiyi kimi, erməni mədəni-tarixi irsi deyil, işğal dövründə tikilən, gələcəkdə siyasi iddialar irəli sürmək və erməniləşdirmək məqsədi daşıyan obyektlərdir. Yəni Qarabağda işğalın izləri silinir, bərpa işləri aparılır.
Kəlbəcərdə olarkən mən təkcə Azərbaycanın deyil, dünya mədəni irsinin mühüm parçası olan monastır kompleksini gördüm və oranın necə bərpa edildiyinin, qorunduğunun şahidi oldum. Şuşadakı Qazançı kilsəsinin möhtəşəmliyinə isə sadəcə valeh oldum. Azərbaycan bu gün haqlı olaraq separatizmin izlərini və dayaqlarını Qarabağdan azaldıb, silib-süpürür.
Bu, düzgün addımdır?
Məncə, tamamilə düzgün rasional addımdır. Ermənilərin iddialarının əsası yoxdur. Ümumiyyətlə, Azərbaycanın dini abidələrlə işi yoxdur. Çünki bunların hamısı onun özünündür. Əgər məqsəd kilsələri dağıtmaq olsaydı, Şuşadakı dediyim kilisə çoxdan dağıdılardı. Lakin mən onun çox daha gözəl hala salındığını, restavrasiya edildiyini gördüm. Eyni zamanda, Kəlbəcərdəki monastır haqqında da bunu deyə bilərəm.
Qarabağın tarixində rol oynayan bütün dini-mədəni abidələr yüksək səviyyədə qorunur və yenidən bərpa edilir. Azərbaycan bu gün həm də Qarabağın bir çox yerində ermənilər tərəfindən dağıdılan məscidləri bərpa edir. Laçında olarkən çox gözəl və əzəmətli bir məscidin ucaldığını gördüm. Bu məscid təkcə Qarabağdan deyil, Ermənistan tərəfdən də çox yaxşı görünür. Şuşadakı məscid də həmçinin möhtəşəm gözəllikdə bir sənət əsəridir. Bütün Türk dünyası bu məscidlə qürur duya bilər.
Azərbaycanın dinə və inanca böyük hörməti var və bunu görülən işlərlə əyani şəkildə sübut edir. Mən ilk dəfə getdiyim zaman qeyd etdiyim abidələrin çoxu dağılmış və tanınmaz halda idi. Lakin gördüklərimdən sonra deyə bilərəm ki, böyük işlər görülüb. Qarabağda inanc ilə milli kimlik arasında çox gözəl sintez yaradılıb.
– Nəticə etibarilə, bu gün Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam edir. Həm dövlət başçılarının, həm hökumətlərin, həm də delimitasiya komissiyalarının görüşlərinin şahidi oluruq. Ümumilikdə, danışıqları uğurlu saya bilərikmi?
– Yaşadığımız dönəmin adı “sülh müqaviləsinin olmadığı sülh dönəmidir”. Bu cümlə son dərəcə risklidir. Nəticə etibarilə, bir müharibə oldu. Müharibədən sonra rusların “centlmenlik müqaviləsi” adlandırdığı bir razılaşma əldə olundu və orada Ermənistanın üzərinə götürdüyü öhdəliklər vardı. Lakin biz bu öhdəliklərin yerinə yetirilmədiyinin və daha sonra antiterror əməliyyatlarının baş verdiyinin şahidi olduq.
Bu gün fərqli bir reallıqdan danışırıq. Bu reallıqda Ermənistan tamamilə coğrafiyadakı iddialarını itirib. Lakin bunu siyasi mətnə çevirməsi lazımdır. Xüsusilə Ermənistan Konstitusiyası bu mənada dəyişməlidir. Buna isə Ermənistan yanaşmır. Digər tərəfdən, Zəngəzur dəhlizi ilə bağlı bir öhdəlik vardı ki, Ermənistan onu da bu gün manipulyasiya və istismar etməyə çalışır.
Hesab edirəm ki, regionda sabitliyi yaradacaq ədalətli bir güc olmalıdır. Bu da heç şübhəsiz, Türkiyə – Azərbaycan birliyidir. Bax, məhz bu birliyi pozmaq istəyənlər bu gün araya girir, əllərindən gələni edirlər. Hesab edirəm ki, təməldəki problem də məhz bu idi.
– Əslində, maraqlı bir məqama toxundunuz. Son zamanlar Türkiyə–Azərbaycan qardaşlığı ciddi bir sınaqdan keçdi. Düzdür, əvvəllər də bənzər situasiyalar olub, lakin bu dəfə vəziyyət fərqli görünürdü. Xüsusilə Azərbaycan məktəblərində vahid məktəbli forması ilə bağlı qərara Türkiyədən sərt və gərəksiz reaksiyalar gəldi. Hətta biz müəyyən kampaniyanın başladığının şahidi olduq…
– Öncə deyim ki, bu işi Türkiyə etmədi. Mütləq bu fərqi bilmək lazımdır. Bunun işin əsas müəllifləri Türkiyə daxilindəki bəzi qruplar və zehniyyətlər idi. Bunların ümumi nisbəti əslində heç 3 faiz belə deyil. Lakin normal düşünən, mühakimə qabiliyyəti, vicdanı, dövlət ağlı və insanlığı olan, Azərbaycanın həssaslığını bilən heç kəs bu işə destruktiv yanaşmadı.
Açıq şəkildə görürük ki, iki qardaş ölkə arasına nifaq salınmağa çalışılır. Bəzi şəxslər sizin də qeyd etdiyiniz məsələləri öz prizmasından şərh edib insanların inanclarını, vicdanlarını və ağıllarını öz maraqları naminə istismar etmək istəyirlər.
Azərbaycanın hansı təhdidlərlə üz-üzə qaldığını, hansı yöndən təzyiq və təhdidlərlə üzləşdiyini bilən biri heç bir halda destruktiv açıqlamalar verməz. Əksinə, daha uzlaşdırıcı və konstruktiv açıqlamalar verib mövqe sərgiləyər.
Azərbaycan 70 il sovet təsiri altında qalıb. Mən Birinci Qarabağ savaşı zamanı Azərbaycana gəldiyim zaman insanların inancına necə səmimi yanaşdıqlarını gördüm. Lakin eyni zamanda, insanların öz inancları haqqında kifayət qədər məlumat azlığı yaşadığını müşahidə etmişdim. Cənubi Azərbaycanda da əslində durum bənzərdir. Orada isə insanların inancı manipulyasiyaya məruz qalıb.
Mən 90-cı illərdə Azərbaycanın şimal bölgələrində sünni inanclı insanlar arasında təhlükəli vəhhabi-sələfi dini ideologiyasının necə yayıldığını görmüşdüm. İranın isə cənub zonasında şiə təsir dairəsi yaratmağa çalışdığını görmüşdüm. Zaman keçdikcə bu təhdid artdı. Ən pisi, bu dönəmdə Türkiyədəki təriqət və camaatlarda da bənzər tendensiyalar müşahidə olundu. Bu məsələnin yaratdığı təhdidi anlamaq üçün təkcə FETÖ terroruna baxmaq kifayətdir.
Amma məsələ təkcə FETÖ-dürmü?
Ümumiyyətlə, dini, dindarları və dövlətin güc strukturlarını öz maraqları naminə istismar edən dini cərəyanlar var. FETÖ bunlardan sadəcə biridir. Belə qruplaşmaların, cərəyanların sayı onlarladır. Bu gün İran Gürcüstanda Azərbaycan türklərinin kompakt yaşadığı yerlərdə şiələşdirmə işləri aparır. Bütün bunlar bir araya gəldikdə Azərbaycan bir təhdid və təhlükə ilə üz-üzədir. Bunun qarşısı ən başdan alınmalıdır.
İşin bir də sosioloji tərəfi var. Məsələ heç bir halda uşaqlar və onların geyimi deyil. Dövlətlər üçün bir insanın şəxsi inancı nə qədər ifrat olursa-olsun, təhdid deyil. Amma bu insanlar birləşərək ideoloji təşkilatlar yaradır, sistematik hərəkət edirlərsə, xüsusilə kənar qüvvələrin əlaltısına çevrilirlərsə, bu, təhdid olar. Bu təhdid dövlətin təkcə risklərini artırmaz, dinin özünə də birbaşa zərbə vurar. Məsələyə bu aspektdən baxdıqda Azərbaycan özünü müdafiə etmək üçün addım atdığı görülür.
Bu vəziyyətdən narahat olan ölkə və ümumiyyətlə, qruplar normal şəkildə bunu Azərbaycanla müzakirə edə, narahatlıqlarını ifadə edə bilərlər. Lakin biz bilmədən, araşdırmadan hücum edən şəxsləri görürük. Burada həm də sosioloji və teoloji həssaslığın istismar edildiyi başqa bir asimmetrik yanaşma görürük.
Proseslərin arxasında fərqli kəşfiyyat orqanlarının dayandığını görmək olur. Təəssüf ki, bu gün Türkiyənin özündə də belə qrupların və şəxslərin ardınca gedənlər var. Amma sadə insanlar bunun fərqində deyil. Məsələ dini bir həssaslıq olduğu halda, araya girən şəxslər bunu iki dövlətin münasibətlərini pozacaq məcraya çəkirlər. Arxasından yenə kəşfiyyat xidmətləri və onların bəslədiyi şəxslər çıxır. Bax, Azərbaycanın Türkiyədəki konsulluğu və səfirliyi önündə aksiya keçirənlər bu kəşfiyyat orqanlarına və qruplara xidmət edən şəxslərdir.
Mən Azərbaycanın həssaslığını çox yaxşı başa düşürəm. İncikliyin olması normaldır. Lakin durum, mənə görə, əslində budur.
– Abdullah bəy, Türkiyədə sizin də qeyd etdiyiniz bu qruplar faktiki olaraq həm hicab, həm də din əsaslı anti-Azərbaycan təbliğatı aparırlar və dayanmırlar. Siz Bakının küçələrində gəzərkən yəqin ki, hicablı xanımlar gördünüz. Eyni zamanda, Qarabağda tikilən möhtəşəm məscidləri də bir qədər öncə gözəl şəkildə təsvir etdiniz. Azərbaycanda heç bir dinə, inanca qarışılmadığı, əksinə, İslam abidələrinə xüsusi diqqət göstərildiyi halda, bu qruplar necə belə yalan və böhtanla danışa bilirlər
Ardı var…
Söhbətləşdi: Turan Rzayev
Fotolar: İntiqam Əhmədov
